Hüseynqulu xan Qacar (1742-1831)
İrəvan xanlığının sonuncu xanı Hüseynqulu xan Qacar olub. O, 1806-1827-ci illərdə xanlığa rəhbərlik edib. Fətəli şah Qacar İrəvanın yeni xanı Hüseynqulu xan Qacara "sərdar" - yəni, Araz çayının sol sahilindəki bütün hərbi qüvvələrin sərkərdəsi titulunu verdi. İrəvan sərdarı təyin edilən Hüseynqulu xan Qacara vilayətin bütün hərbi və mülki hakimiyyəti verilməklə yanaşı, o, çoxsaylı süvari və piyada qoşunla da təmin edildi. Məhz buna görə də dövrün mənbələrində sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar “İrəvan sərdarı” kimi qeyd olunur. Hüseynqulu xan Qacarın qardaşı, "Aslanlar başı" (Həsən xan Qacar) aparılan mübarizədə İrəvan xanının ən yaxşı silahdaşı idi. İlk mənbələrin məlumatları təsdiq edir ki, 1747-ci ildən 1827-ci ilə qədər mövcud olmuş Azərbaycan dövlətini İrəvan xanlığını əsasən Azərbaycanın yerli türk Qacar tayfasının nümayəndələri olan xanlar idarə etmişlər və onlar İrəvan xanlığının müstəqilliyi uğrunda qətiyyətlə mübarizə aparmışlar.
Qacarların Qoyunlu (Ağcaqoyunlu) boyundan olan Hüseynqulu xan Qacar Fətəli xanın sarayında əyanların başçısı vəzifəsində çalışmış, Ağa Mahəmməd şah Qacar qətlə yetiriləndən sonra Fətəli şahın hakimiyyətdə möhkəmlənməsinə yaxından kömək etmişdi. 1800-1802-ci illərdə Qəzvində paytaxta gedən yolun mühafizə dəstəsinin rəisi olmuş, şəxsi igidliyinə görə "Qəzvini" təxəllüsü almışdı. 1802-ci ildə əfşarlar arasında yaranan ixtişaşları yatırmaq üçün Xorasana göndərilmiş və beş il Xorasanı idarə etmişdi.
Fətəli şah İrəvanı Hüseynqulu xan Qacara “sərdar” – yəni Araz çayının sol sahilindəki bütün hərbi qüvvələrin sərkərdəsi titulunu verdi. İrəvan sərdarı təyin edilən Hüseynqulu xan Qacara vilayətin bütün hərbi və mülkü hakimiyyəti verilməklə yanaşı, o çoxsaylı süvari və piyada qoşunla da təmin edildi. Məhz buna görə də dövrün mənbələrində sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar “İrəvan sərdarı” kimi qeyd olunur.
İ.Şopenin məlumatına görə, Sərdarabad qalasının əsası İrəvan xanı Hüseyn xan (Hüseynqulu xan Qacar) tərəfindən təqribən 1810-cu ildə qoyulub. Araz çayının sol sahilində yerləşən Sərdarabad qalasının ikiqat hörgülü, hündür divarları uzunsov dördbucaqlı formasında idi. Top yerləşdirmək üçün uzun (yan) divarları da 6, qısa divarlarda isə 4 bürcü var idi. Dərin xəndəklə əhatə olunan qalanın dövrəsi 4 verstə yaxın idi. Burada sərdarın sarayından başqa l700-dək ev, 1 məscid, 33 dükan, 16 dəyirman, 1 ding, 4 yağçəkən zavod, 1 boyaqxana və sərdara məxsus geniş bağ vardı. Əhalisi əkinçilik, maldarlıq, xırda ticarət, bez toxuculuğu, dəmirçilik, dərzilik və digər sənət sahələri ilə məşğul olurdu. Hüseynqulu xan Qacar Sərdarabad qalasında yaşayırdı. Onun dövründə İrəvanda Abbas Mirzə məscidi də inşa edilmişdi.
Rusiya dövlətinin İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkməyəcəyini bilən Hüseynqulu xan Qacar hakimiyyətə gələn kimi dərhal müdafiə tədbirlərinə başladı. O, hələ 1806-cı ilin dekabrında Zəngi çayından başlayaraq İrəvan qalasının ətrafındakı xəndəyi daha da dərinləşdirdi və möhkəmlətdi, qalanı müdafiə edən qoşunların sayını artırdı. Rus qoşunlarının İrəvana hücumu ərəfəsində xan artıq İrəvan qalasını fransız mühəndislərinin köməyi ilə Avropa üslubunda yenidən möhkəmləndirdi. İrəvanın qalın qala divarlarının çöl tərəfində səngərlər qazıldı və bu səngərlərə toplar düzüldü. Döyüşlərdə fuqas adlı xüsusi bombalardan istifadə olunurdu. Məhz bu səbəbdən Rusiya komandanlığı xüsusi casuslar vasitəsilə İrəvan xanının qoşunlarının sayı haqda məlumatlar toplayırdı.
Sentyabrın 26-da artıq rus qoşunları dağıdılmış Abaran kəndinə gəlib çatdı. Hüseynqulu xan Qacar İrəvanı müdafiə etmək üçün kiçik qardaşı Həsən xanı 2 min nəfər döyüşçü ilə qalada qoyaraq özü 4 min nəfər piyada ilə rus qoşunlarının qarşısına çıxdı. Lakin Əştərəkdə məğlub olan İrəvan xanı geri çəkilməyə məcbur oldu. 1808-ci il sentyabrın 30-da ermənilər Üçkilsəni rus qoşunlarına təslim etdilər. İşğalçılar burada sevinclə qarşılandılar. Qudoviçin başçılığı ilə Üçkilsəni ələ keçiən rus qoşunları İrəvan yaxınlığındakı Qarabağ kəndində mövqe tutdu. Hüseynqulu xan düşmənə qarşı Gərniçay sahilində düşərgə salsa da, ilk döyüşdə məğlub oldu. Artıq oktyabrın 3-də Qudoviçin rəhbərlik etdiyi rus qoşunları Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı. Qudoviç şəhər əhalisindən və İrəvan qalasının komendantı Həsən xan Qacardan təslim olmağı tələb etdi. Qraf Qudoviç oktyabrın 4-də öncə İrəvan əhalisinə məktubla müraciət edərək onları könüllü olaraq rus qoşunlarına tabe olmağa çağırdı, özlərinin və əmlaklarının toxunulmazlığına söz verdi. Müqavimət göstərəcəkləri halda isə aman verilməyəcəyi ilə hədələdi. İlk döyüşdə rus qoşunlarına məğlub olan Hüseynqulu xan İrəvan istiqamətində hücuma keçərək qalaya daxil olmağa səy göstərdi. Xanın məqsədi rus qoşunlarına kənardan qəfil zərbələr endirməklə onları İrəvanın mühasirəsindən uzaqlaşdırmaq idi. Lakin Qudoviç general-mayor Portnyaginin başçılıq etdiyi hərbi hissəni Hüseynqulu xanı təqib etmək üçün göndərərək onun planını baş tutmağa qoymadı. İrəvan əhalisinə müraciətinin heç bir nəticə vermədiyini görən rus qoşunlarının baş komandanı Qudoviç qalanı bombardman etmək məqsədilə qalaətrafı strateji nöqtələri tutmaq əmrini verdi. Ciddi müqavimətlə rastlaşan rus qoşunları oktyabrın 9-u günortaya yaxın əmri yerinə yetirə bildi. Ətraf aləmdən təcrid olunan İrəvan qalası işğalçı rus qoşunu tərəfindən bombardman edildi. İrəvan qalasını ətraf aləmdən təcrid etməyə müvəffəq olan Qudoviç oktyabrın 17-də növbəti hədələyici və şirnikləndirici məktubla İrəvan qalasının komendantı Həsən xan Qacara müraciət etdi. Həsən xan Qacar oktyabrın 21-də general Qudoviçə göndərdiyi cavab məktubunda qalanı heç bir zaman təslim etməyəcəyini bildirdi. Hüseynqulu xan isə qalanın mühasirəsini yarıb şəhərə daxil olmağa çalışır, vaxtaşırı düşmənə zərbələr endirirdi. Belə olduqda Qudoviç mühasirə olunmuş qalaya hücumu müvəqqəti dayandıraraq Hüseynqulu xanın üzərinə böyük bir hərbi dəstə göndərdi. Podpolkovnik Podlustskinin başçılıq etdiyi həmin dəstə ilə döyüşdə irəvanlılar məğlubiyyətə uğradılar. Xan sağ qalan qüvvələrini qorumaq üçün Arazın o tayına çəkilməli oldu. Bu hadisədən xəbər tutan Fətəli şah Qacar irəvanlılara yardım etmək məqsədilə Fərəculla xanın başçılığı ilə 5 min nəfərlik qoşun göndərdi. Qorxuya düşən rus komandanlığı general-mayor Portnyagini əlavə qoşunla Podlutskinin dəstəsinə göməyə göndərdi. Lakin Hüseynqulu xan rus qoşunlarının əsəbləri ilə oynayaraq hər dəfə açıq döyüşə girməkdən yayınırdı. Mühasirənin başlamasından 40 günə yaxın keçməsinə baxmayaraq, qala qarnizonu və şəhər əhalisi işğalçılara qarşı qəhrəmancasına müqavimət göstərirdi. İrəvanlıların inadkarlığını görən qraf Qudoviç İrəvan qalasının komendantı Həsən xanla yenidən danışıqlara başladı və ona şirnikləndirici məktubla müraciət etdi. Noyabrın 12-də yazmış olduğu məktubunda dəfələrlə "möhtərəm komendant" ifadəsini işlədərək qalanı rus qoşunlarına təhvil verməsini xahiş etdi.
Mühasirənin uzanması, soyuqların düşməsi və ərzaq çatışmazlığı rus qoşunlarının vəziyyətini getdikcə ağırlaşdırırdı. Nəhayət, Qudoviç qalanı hücumla ələ keçirməyi qərara aldı. İrəvan qalasına hücum 1808-ci il noyabrın 17-si səhər saat 5-ə təyin edildi. Rus qoşunları beş kalona bölündü. Dörd kalon müxtəlif istiqamətlərdən hücum etməli, beşinci kalon isə ehtiyatda dayanmalı idi. İrəvan qalasına hücum edən qoşunların sayı 3000 nəfərə yaxın, digər mənbədə isə 4645 nəfər idi. Lakin onlar irəvanlıların ciddi müqavimətinə rast gəldilər. Hücum başlanan kimi irəvanlılar top atəşləri ilə rusları geri oturtdular. Rus qoşunlarının düzəltdiyi nərdivanlar qalaya daxil olmağa kifayət etmədi. Nəhayət, 1000 nəfərə yaxın itki verən rus qoşunları hücumu dayandırmağa məcbur oldu [41, h.III, 390]. Digər mənbənin məlumatına görə, rus qoşunlarından 17 zabit, 269 əsgər məhv olmuş, 64 zabit, 829 əsgər isə yaralanmışdı. Şəhərə daxil ola bilməyəcəyinə əmin olan Qudoviç noyabrın 30-da səhər tezdən İrəvanın mühasirəsindən əl çəkərək rus qoşununa Tiflisə qayıtmaq haqqında əmr verdi. Dekabırın 1-də Naxçıvanda möhkəmlənən rus qoşunları da oranı tərk etməli oldu. Rusiya imperiyasının sifarişi ilə yazılmasına baxmayaraq, "Qarabağnamə" müəllifləri də İrəvanın mühasirəsi zamanı rus qoşunlarının heç bir iş görə bilmədiyini, "məqsədinə çatmadan qayıtmaq təbilini çaldırıb Darüssürura (Tiflisə) qayıtdı"ğını qeyd edirlər.
Beləliklə, Vətən torpağının azadlığı uğrunda mübarizəyə qalxan İrəvan qalasının müdafıəçiləri bir-birinin ardınca çar generalları Sisianovu və Qudoviçi rüsvayçı məğlubiyyətə uğratdılar. Məğlubiyyətə uğramış rus qoşunlarının İrəvan qalasına hücumu zamanı itkisi də çox oldu. Qudoviçin çara göndərdiyi raportunda isə bu itkilər barədə rəqəmlər kiçildilir, guya Rusiya tərəfindən cəmi 17 zabit və 269 əsgərin öldürüldüyü, 64 zabit və 829 əsgərin isə yaralandığı göstərilirdi. N.Dubrovinin məlumatı da irəvanlıların bu döyüşdə rus qoşunları üzərində parlaq qələbə çaldıqlarını təsdiq edir. Onun yazdığına görə,"...alaylar (rus ordusu alayları - red.) elə vəziyyətə düşdü ki, təkrar hücum haqqında düşünməyə belə dəyməzdi". Azərbaycan vətənpərvərlərinin hücumları və güclü qar yağması nəticəsində rus qoşunları da ha 1000 nəfərə yaxın itki verərək geri çəkildi.
Yeri gəlmişkən, İrəvan xanının qardaşı Həsən xan Qacarın qəhrəmanlığını, hətta, erməni müəlliflər də etiraf edirlər. Baş komandanın qalanı yenidən təslim etmək tələbinə cavab olaraq Həsən xan Qacar yazırdı: "...Tələb edirsiniz ki, İrəvan qalasını könüllü təslim edim, əvəzində isə İrəvan xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa, onda siz İran hökmdarına qulluq edin ki, əvəzində İrəvan, Təbriz və başqa xanlıqları alasınız".
İrəvanı ələ keçirmək ümidindən əli üzülən Qudoviç Naxçıvandan geri çəkilən general Nebolsinə rus qoşunları ilə getmək istəyənləri (Azərbaycana xəyanət elmiş ermənilər nəzərdə tululur - red.) Qarabağa aparmağı tapşırdı. Bu yürüş rus qoşunlarına çox baha başa gəldi və demək olar ki, hərbi əməliyyatlarda iştirak edənlərin yarısı məhv oldu. Beləliklə, Rusiya qoşunlarının İrəvan üzərinə ikinci yürüşündə rüsvayçı məğlubiyyətə uğrayan və Quba yürüşündə heç bir nəticə əldə edə bilməyən Qudoviç 1809-cu ilin fevralında erməni mənşəli Tormasovla əvəz olundu. Rusiyanın Cənubi Qafqazdakı uğursuzluqları regionda ingilislərin fəallaşmasına səbəb oldu. Rusiya imperiyasının əleyhinə kampaniyaya başlamaq istəyən ingilislər İranın xarici siyasətində mühüm rol oynamağa başladılar. Bu məqsədlə ingilis hərbi mütəxəssislərinin bir dəstəsi Türkiyə ərazisindən İrəvana gəldi. Onların təkidi ilə İrəvan xanı Hüseynqulu xan 20 minlik qoşunla Türkiyə ərazisindən Gürcüstana hücum etdi. Lakin o, bu yürüşdə uğurlu nəticə əldə edə bilmədi.
1810-cu ilin aprelində şahın təklifi ilə Əskəranda Rusiya ilə Qacarlar İranı arasında danışıqlar başlandı. Danışıqlarda Rusiya Naxçıvan və İrəvan xanlıqlarını, İran isə Lənkəran xanlığını tələb edirdi. Danışıqların aparıldığı dövrdə Rusiya İrəvan xanını öz himayəsinə girməyə məcbur etmək üçün bir-birinin ardınca İrəvana qarətçi və dağıdıcı hərbi yürüşlər təşkil etməyə başladı.
Bu yürüşlərdə irəvanlıları qorxutmaq üçün ən dəhşətli metod və vasitələrdən istifadə olunurdu. 4 tabor və 200 atlı ilə qəfil hücum edən Lisaneviç 10 gün ərzində göstərişi "layiqincə" yerinə yetirdi: çar Rusiyası ordusunun vəhşiliyi nəticəsində çoxlu dinc əhali qətlə yetirildi, kəndlər dağıdıldı. Bu vəhşiliklərin şahidi olan əhali rus ordusunun gəldiyini eşidən kimi hər yerdə eveşiyini tərk edərək vahimə içərisində dağlara və Arazın o tayına qaçırdı. 1813-cü ilin martında polkovnik Pestel İrəvan xanlığına qarşı yeni yürüşə başladı. Xeyli canlı qüvvə və 6 topla hücum edən rus qoşunları xanlığın əhalisinə ağır zərbə vurdu. Baş komandan həmin yürüşdəki "şücaətinə" görə Pesleli 11 dərəcəli Anna ordeninə təqdim etdi. Bütün bu qanlı işğalçılıq yürüşlərinə və ermənilərin hərtərəfli yardımlarına baxmayaraq, Rusiya yenə də İrəvan xanlığını özünə tabe edə bilmədi.
Ruslar 1826-cı ildə İrəvanı işğal etmək üçün yenidən hərbi əməliyyatlara başladı. Əvvəlcə rus komandanlığı xanlığın şərqindəki bəzi Azərbaycan ərazilərinin guya Rusiyaya məxsusluğunu iddia edərək Gil, Zod və Göyçə bölgələrinə hərbi mühəndislər göndərdi. Lakin İrəvan xanının tutarlı cavabı onları bu işdən çəkinməyə məcbur etdi. Nəhayət, 1826-cı ilin yazında rus komandanlığının Şirəkə hücum etməyi qərara aldı. Bununla da Rusiya İrəvan xanlığına qarşı yeni hücum kampaniyasına başladı. Rus qoşunlarının getdikcə İrəvan xanlığının mərkəzinə yaxınlaşmasından narahat olan İrəvan xanı qoşunlarını sərhəddə cəmləşdirdi. İrəvan xanın sərhəd yaxınlığındakı qüvvələri bu mövqelərdə yerləşmişdi: Göyçə gölü yaxınlığında 1000 nəfərdən çox süvari dəstə; Balıqçay ınəntəqəsi ilə üzbəüz 1000 nəfər qarapapaq süvarisi; Şirək yaxınlığında Hüseynqulu xan Qacarın özünün başçılıq etdiyi iki piyada taboru, 6 top və 3000 süvari; Adıyamanda (Təbrizdən Gümrü-yə gedən yolda) İrəvan sərdarının qardaşı Həsən xan Qacarın başçılığı ilə 5000 nəfərlik süvari dəstə.
1826-cı il iyulun 16-da İrəvan xanının qoşunları əks-hücuma keçərək Şirəkə, qardaşı Həsən xanın qüvvələri isə Şörəyelə daxil oldular. Xeyli itki verən rus qoşunları geri çəkilməyə məcbur edildi. "Rəvan sərdarı və qardaşı Həsən xan Abaran qalasını azad edib, oradan qaçıb Qarakilsəyə sığınan rusları qılıncdan keçirdilər. Bölgə əhalisi Rəvan tərəflərinə, Gümrü qəzasının bəzi kəndləri isə Əcəm tərəfinə köçürüldü. Şahzadələr Tiflisə hücum etmək qərarına gəldilər". İyulun 16-da İrəvan xanı 5 minlik qoşunla sərhədi keçərək Tiflis piyada alayının komandiri knyaz Seversamidzeni Şirək düşərgəsindən Gümrü məntəqəsinə tərəf geri çəkilməyə məcbur etdi. Rusiya qoşunlarının işğal etdikləri Balıqçay, Sadağaçay, Qarakilsə və başqa keşikçi məntəqələri darmadağın edildi. Həsən xanın qoşunları Gümrü yolunu nəzarətə götürdü. Beləliklə, qısa müddət ərzində Pəmbək və Şörəyel işğalçılardan təmizləndi. Ümumiyyətlə, İrəvan xanının rəhbərliyi altında iyunun 16-dan sentyabrın 2l-dək Pəmbək və Şörəyelin azad olunması uğrunda gedən döyüşlərdə 92 nəfər Rusiya əsgəri öldürülmüş, 2 zabit və 37 sıravi yaralanmış, 2 zabit və 25 sıravi əsir götürülmüşdü. Beləliklə, 1826-cı il iyulun 19-da İkinci Rusiya - İran müharibəsi başlandı. Əvvəlki mövqelərinin itirilməsi və İrəvan xanının qoşunlarının Gürcüstan sərhədlərinə yaxınlaşması ilə barışmaq istəməyən Rusiya ordusunun Qafqazdakı baş komandanı general Yermolov Balıqçay məntəqəsinə yeni hərbi dəstə göndərdi. Lakin 166 nəfərdən ibarət bu hərbi dəstə iyulun 26-da xan süvariləri tərəfindən mühasirəyə alınaraq, demək olar ki, tamamilə məhv edildi. Onlardan 113 nəfəri öldürüldü, başda dəstə komandiri olmaqla 18 nəfər əsir götürüldü, qalanları isə (40 nəfər) döyüş meydanından qaçmağa məcbur oldular.
Xan qoşunlarının hərbi uğurları yerli və qonşu vilayətlərin əhalisinin döyüş ruhunu yüksəltdi. Pottonun yazdığına görə, Pəmbək və Şörəyelin azad olunmasından sonra "Borçalı, Şəmşəddil və Yelizavetpol Rusiyaya açıqcasına xəyanət etdi, rus səfiri İrəvanda tutulub saxlanıldı". Qazax ağalarını öz tərəfinə çəkmək məqsədilə İrəvan xanı onlara ünvanladığı məktubunda yazırdı: "Ruslarla bizim aramızda sülh olanda siz xahiş edirdiniz ki, sizi və ailənizi rusların əlindən qurtaraq... İndi bu zaman yetişmişdir". İrəvan xanının bu məktubu öz işini gördü. Qazax camaatı ayağa qalxdı. Qazax pristavı Snejevski ona sadiq qalan bir neçə erməninin köməyi ilə çətinliklə qaçıb canını qurtara bildi.
İrəvan xanına məxsus atlı dəstə 1826-cı il iyulun 14-də vaxtilə rus komandanlığı tərəfindən Tiflis yaxınlığında - Azərbaycan torpaqlarında salınmış alman məskənini, sentyabrın 1-dən 2-sinə keçən gecə isə Həsən xan 3 min nəfərdən çox süvari dəstəsi ilə Loridə yaradılmış yunan məskənini ələ keçirdi. Lakin Cəlaloğluda yerləşən 3 rus taqımı və artilleriyasının bir hissəsi onları geri oturdaraq təqib etməyə başladı. Digər tərəfdən, İrəvan sərdarı... Rusiya tərəfdarlarını cəzalandırmaq məqsədilə Göyçə gölü tərəfdan Şəmşəddil distansiyasına yönəldi. General Yermolov öz dəstəsilə onun qarşısını almaq üçün hərəkət etdi. Rus hərbi qüvvələri alman və yunan məskənlərini geri aldılar və bu Azərbaycan torpaqları bir daha öz həqiqi sahiblərinə qaytarılmadı. Rusiya işğalçıları bununla öz ata-baba torpaqları uğrunda mübarizə aparan azərbaycanlılarla alman və yunan icmaları arasında narazılıq yaratmağa cəhd göstərdi. Rusiya qoşunlarının Şəmkir və Gəncə döyüşlərindəki qələbələri İrəvan xanlığına da öz təsirini göstərdi. Ruh düşkünlüyü keçirən xan qoşunları geri çəkilməyə başladı. Pəmbək və Şörəyel, demək olar ki, yenidən boşaldıldı. Rus qoşunları irəliləyərək sentyabrın 21-də Cəlaloğluya gəlib çıxaraq burada düşərgə saldı. Davıdovun həmin dəstəsi ertəsi gün İrəvan xanlığının içərilərinə doğru yürüşə başladı. Lakin görünür, İrəvana hücumların əvvəlki acı nəticələrindən ehtiyatlanan Yermolovun əmrilə Davıdov sentyabrın 29-da əvvəlki mövqeyinə qayıtdı. İmperiyanın əsas qüvvələri yenidən üsyana qalxmış Şimali Azərbaycan xanlıqlarının işğalına yönəldildiyindən, hələlik İrəvana həlledici hücum gözlənilmirdi. Az qüvvə ilə isə İrəvana yürüş təhlükəli idi. Belə ki, İrəvan sərdarı (Hüseynqulu xan Qacar nəzərdə tutulur - red.) əks hücumla ruslara arxadan zərbə endirib onların Gürcüstanla əlaqəsini kəsə bilərdi və rus qoşunları üçün məğlubiyyət qaçılmaz olardı.
1826-cı il oktyabrın 21-də imperator Yermolova yazırdı: "Əgər İrəvanı ya silah gücünə, ya İrəvan sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli münasibətlər qurmaqla ələ keçirmək mümkünsə, bu imkanı əldən verməyin". Çar İrəvan və Sərdarabad qalalarını ələ keçirməyin əhəmiyyətini yaxşı başa düşürdü və bunu tez-tez Yermolova xatırladırdı. I Nikolay general Yermolovun dekabristlərlə əlaqəsindən şübhələndiyi üçün çox keçmədən onu Qafqazdakı rus ordusunun baş komandanı vəzifəsindən azad etdi. 1827-ci il martın sonlarında çara sadiq olan general İ.F.Paskeviç (1827-1831) Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edildi. Yeni baş komandan İrəvan xanlığının strateji əhəmiyyətini dərk etdiyi üçün ilk zərbəni bu xanlığa endirməyi qərara aldı.
1827-ci il martın 26-da baron Dibiç İrəvan xanlığına hərbi əməliyyatların başlandığını elan etdi. Aprelin əvvəlində general Paskeviçin əmri ilə rus qoşunlarının ön dəstəsi general Benkendorfun komandanlığı altında, erməni arxiyepiskopu Nerses Əştərəklinin müşayiəti ilə Borçalıdan İrəvana doğru hərəkətə başladı. Aprelin 11-də Benkendorf Üçkilsənin 40 verstliyində yerləşən Sudakəndə yaxınlaşdı. Bu zaman ruslar üçün əlverişsiz şərait yarandı. İrəvanın bütün əhalisi Arazdan cənuba köçürülmüş, xanlığın ərazisi boşaldılmışdı; rus qoşunlarını ərzaqla təchiz etmək mümkün deyildi.
Çıxılmaz vəziyyətdə qalan Benkendorf aprelin 16-da Üçkilsə monastırından Sərdarabada doğru istiqamət götürdü. Benkendorf qaladakıların könüllü təslim olması üçün qala rəisinin yanına elçi göndərdi. Sərdarabad qalasının müdafiəçilərindən rədd cavabı alan Benkendorf aprelin 16-dan 17-nə keçən gecə qalanı güclü top atəşinə tutmağı əmr etdi. Sərdarabad qalasının qəhrəman müdafiəçilərinin əzmkarlığı nəticəsində qalanı ala bilməyən rus qoşunları aprelin 17-də yenidən Üçkilsə monastırına çəkildi. İrəvan sərdarı Hüseynqulu xan Qacar rus qoşunlarının məqsədini anladığından İrəvan qalasının müdafiəsinə yaxşı hazırlaşmışdı. Xan ətraf kəndlərdən qalaya çoxlu taxıl ehtiyatı toplatdı, qala qamizonunu daha da möhkəmləndirdi. Təkcə İrəvan qalasında yerləşən qarnizonun sayı 5 minə çatırdı, qalada 26 top yerləşdirilmişdi. Dəfələrlə ermənilərin xəyanəti ilə üzləşən Hüseynqulu xan bu dəfə ehtiyatlı davranıb Üçkilsə monastırını nəzarətə götürərək burada 400 nəfərlik qarnizon yerləşdirmiş, kilsədə olan ərzaq ehtiyatını İrəvan qalasına daşıtdırmış və burada bir neçə nəfər din xadimi qoyaraq qalan erməniləri İrəvan qalasına gətirtdirərək nəzarət altında saxlayırdı. İrəvan xanı Hüseynqulu xan qardaşı Həsən xanı Sərdarabad və İrəvan qalasının mühafizəsinə təyin etdi, özü isə qoşunla ətraf yerləri qoruyurdu.
Aprelin 24-dən 27-nə qədər İrəvan qalasının müdafiəçiləri ilə işğalçı rus ordusu və İrəvan xanına xəyanət edən ermənilər arasında dəfələrlə qanlı döyüş baş verdi. Çox çətin mübarizədən sonra, aprelin 27-də isə mayor Voljenskinin başçılığı ilə İrəvan qalasının şərq tərəfindəki şəhərətrafı adlanan hissə tutuldu. Bununla da İrəvan qalası tam mühasirəyə alındı. Hər tərəfdən mühasirəyə alınmasına baxmayaraq, İrəvan qalasının müdafiəçiləri mərdliklə mübarizə aparırdı. Buna görə də general Benkendorf qala rəisi Sübhanqulu (Hüseynqulu xan Qacarın qardaşı oğlu və kürəkəni) xan vasitəsilə Hüseynqulu xanla danışıqlar aparmağa məcbur oldu. General əvvəlcə xanı pulla ələ almaq istədi, bunun nəticəsiz olduğunu gördükdə xana könüllü təslim olacağı təqdirdə onun Rusiya dövləti tərəfindən hakimiyyətində saxlanacağına və əvvəlki gəlirlərinin özünə qaytarılacağına söz verdi. Lakin Hüseynqulu xan Qacar generalın təklifini nəinki qəbul etmədi əksinə, yenə də mübarizəni davam etdirməyi üstün tutdu. Aprelin 29-dan 30-na keçən gecə İrəvan süvariləri Zəngi çayının üstündən keçən körpünü qoruyan düşmən gözətçi dəstələrinə qəflətən hücum edərək onları çətin vəziyyətdə qoydular. Məqsəd düşmən mühasirəsini yarıb İrəvan qalasına daxil olmaq idi. Lakin rus qoşununun güclü top atəşləri bu hücumun axıradək davam etdirilməsinə mane oldu.
İrəvan qalası müdafiəçilərinin qəhrəmancasına müdafiə olunması, mühasirənin uzanması baş komandan Paskeviçin şəxsən özünü İrəvan üzərinə səlib yürüşünə məcbur etdi. Belə ki, general Paskeviçin başçılıq etdiyi qoşun hissələri, ona qoşulmuş erməni və gürcü dəstələrinin müşayiəti ilə mayın 12-də İrəvan istiqamətində hərəkətə başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə təşkil edilən ilk erməni atlı alayı mayın 17-də İrəvan xanlığının ərazisinə doğru hərəkət etdi. İrəvan sərhədlərində onların sayı 1000 nəfərə çatırdı. Bütün bunlar bir daha İrəvan qalasının o zaman necə möhtəşəm qala olduğunu sübut edir. Paskeviçin rəyinə görə, İrəvan qalasının müdafiəsi kifayət qədər möhkəm idi və qala qarnizonunun yüksək əhval-ruhiyyəsi onun əhəmiyyətini daha da artırırdı.
Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhanqulu xanla (İrəvan qalasının komendantı - red.) danışıqlar apardığını öyrəndi. O, İrəvan sərdarının yaxın köməkçisi və təbəəsi olan Sübhanqulu xana etibar etmirdi, lakin qalanı döyüşsüz ələ keçirməyi ehtimal etdiyindən danışıqların davam etdirilməsinə icazə verdi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə rus qoşunlarının baş komandanı ilə görüşmək istədiyini bildirmişdi. Paskeviç qalanın komendantına öz gəlişi barədə xəbər göndərəndə komendantdan deyil, sərdarın özündən cavab aldıqda Benkendorf çox təəccübləndi. İrəvan sərdarı Hüseynqulu xan knyaz Seversamidzeyə bildirmişdi: "Əgər söhbət qalanın təslim edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə verirəm. Əks halda bu, mənasızdır - çünki mən qalanı heç vaxt təslim etməyəcəyəm". Bundan sonra Paskeviç qala ilə bütün əlaqələri kəsməyi əmr etdi. Krasovski 20-ci piyada diviziyası və iki kazak alayı ilə İrəvan yaxınığına gəldi. Burada o, Paskeviçlə birlikdə hücuma keçməli olan Benkendorfun mühasirə dəstəsini əvəz etməli idi. Hava şəraiti ilə bağlı olaraq İrəvanın mühasirəsi artıq qoşunların qüvvəsi xaricində idi. Yay bürküləri başlamış, eyni zamanda qoşunun arasında xəstəlik yayılmışdı. Paskeviç bir günün içində İrəvanı mühasirə edən gürcü qrenadyor alayında 240 nəfərin xəstələndiyini bildirirdi. Taborlar seyrəlməyə başlamışdı və döyüşə biləcək əsgərlərin sayı 400 nəfərdən bir az artıq idi. Mühasirə artilleriyası hələ gəlib çıxmamışdı (artilleriya yalnız iyunun 26-sında Tiflisdən yola düşmüşdü). Buna görə də Paskeviç mühasirədən əl çəkərək qoşunu ərzaq və su ehtiyatı olan dağlarda yerləşdirmək, yollara nəzarəti əldə saxlamaq və lazım gəldikdə tez bir zamanda İrəvan, Üçkilsə və Sərdarabada yeritməyi düşünürdü. Üçkilsəyə geri dönən Paskeviç Həsən xanın 3 min süvari və sərbazla Arazı keçərək Alagöz dağının şərq ətəklərinə yaxınlaşdığını eşitdi. Buna mane olmağa çalışan Paskeviç iyunun 10-da Şipovun başçılığı ilə Həsən xana qarşı qoşun göndərdi. Onların Başabarana çatdığını eşidən Həsən xan Qaracasara - Alagöz dağlarına doğru geri çəkildi.
İrəvan qalasını işğal etməyin mümkünsüzlüyünü görən general Paskeviç Naxçıvan üzərinə yürüş etmək qərarına gəldi və qoşunlarını İrəvanın 25 verstliyində yerləşən Gərniçay kənarındakı düşərgəyə topladı. Lakin Naxçıvana yürüşdən əvvəl İrəvan qalasının mühasirəsini möhkəmləndirmək tədbirlərini də unutmadı. Benkendorfun yerinə general-leytenant Krasovski İrəvan mühasirə dəstəsinin rəisi təyin edildi. Paskeviç Krasovskinin dəstəsini İrəvan ətrafında yerləşdirərək ona lazımi təlimatlar verdi: havalar istiləşənədək İrəvanın mühasirəsini davam etdirmək, sonra isə lazım olarsa, Sudakəndə doğru geri çəkilməyi tapşırdı. Paskeviç xəbərdarlıq edirdi ki, İrəvan sərdarının, xüsusilə də komendant Sübhanqulu xanın danışıqlar aparmaq cəhdi yalnız Krasovskini qəti tədbirlərdən yayındırmaq məqsədi güdür. Buna görə də Krasovski onlarla mümkün qədər az danışıqlara girsin.
İrəvanlıların güclü müqaviməti, havaların isti keçməsi və əsgərlər arasında yayılan xəstəliklər İrəvan qalasını mühasirəyə alan rus qoşunlarının vəziyyətini günbəgün ağırlaşdırırdı. Mövcud vəziyyət barədə Paskeviçə məlumat verən Krasovski İrəvan qalasının mühasirəsinin mənasız olduğunu bildirir və mühasirədən əl çəkmək üçün ondan razılıq istəyirdi. Pottoya görə, nəhayət, Paskeviçdən İrəvanın mühasirəsindən əl çəkməyə icazə alan Krasovski iyunun 21-də gecə yarısı Üçkilsəyə doğru geri çəkildi. Səhəri gün rusların geri çəkilməsindən xəbər tutan qala sakinləri 2 ay sürən mühasirədən sonra rahat nəfəs aldılar. Onların sevinclərinin həddi-hüdudu yox idi.
Ruslar geri çəkildikdən sonra Hüseynqulu xan qalanı möhkəmləndirməyin qayğısına qaldı və bunun üçün heç bir şeyi əsirgəmədi. Hətta bəzi şayiələrə görə, xan bir zərbədə rus korpusunun yarıdan çoxunu qıra biləcək dəhşətli top yaratmaq təşəbbüsündə olmuş, yalnız bunun üçün əridilmiş metal azlıq etmişdi.
Naxçıvan qalası yaxınlığında rus qoşunları Qacarlar İranının Həsən xanın və Nağı xanın komandanlığı altında olan süvari hərbi qüvvələri ilə qarşılaşdılar. Lristovun komandanlığı ilə sayca üstün olan rus qoşunları üstün gəldilər. İyunun 26-da Naxçıvan ələ keçirildi. Naxçıvanı tutan Paskeviç iyulun 1-də bütün qüvvəsi ilə Abbasabadın mühasirəsinə başladı. Bu zaman Hüseynqulu xan Qacar Üçkilsəyə hücum etmişdi. Görünür, İrəvan xanı Abbasabad qalasını mühasirəyə alan rus qoşunlarının diqqətini yayındırmağa çalışırdı.
İyulun 5-də Abbasabadın mühasirəsini yarmağa çalışan Abbas Mirzə Həsən xanla birgə Xoy tərəfdən hücuma keçdi. Lakin Cavanbulaqda baş verən döyüş onların məğlubiyyəti ilə bitdi. Qala şiddətli atəşə tutuldu. İyulun 7-də qala qarnizonu təslim oldu. İyulun 8-də Paskeviç Abbasabada daxil oldu. İyulun 13-də general-mayor Saken qalanın komendantı və Naxçıvan vilayətinin rəisi təyin edildi. 1827-ci il iyulun 19-da Qriboyedov baş tərcüməçisi A.Bakıxanovla birlikdə Abbas Mirzənin düşərgəsinə gəldi. Danışıqlar zamanı Qriboyedov İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya güzəştə gedilməsini və hərbi təzminat ödənilməsini tələb etdi Abbas Mirzə isə hərbi əməliyyatların 10 aylığa dayandırılmasını təklif etdi. Danışıqlar uğursuzluqla nəticələndi.
İrəvanın mühasirəsindən əl çəkən Krasovski Üçkilsəyə yürüş etdi. Bundan istifadə edən sərdar 4000 atlı, 2 briqada sərbazla oraya hərəkət etdi. Avqustun 4-də Abbas Mirzə 30 minlik qoşunu ilə Üçkilsə düzündə göründü və avqustun 6-da Əştərək kəndini tutdu. Onlar birləşərək avqustun 17-də rus qoşunlarını mühasirəyə alıb, qırmağa başladılar. 200 əsiri çıxmaqla 24 zabit, 1130 əsgər öldürüldü". Bu qələbə rus qoşunlarının İrəvana yürüşünü xeyli ləngitdi.
1827-ci il avqustun 29-da Üçkilsədə toplaşan rus qoşunları bu dəfə Sərdarabad qalasını hədəf seçdilər. General Paskeviçin qalada çoxlu ərzaq ehtiyatının olması haqda məlumatı vardı və rus qoşunlarının gələcək yürüşünü təmin etmək üçün bu qalanın alınması zəruri idi. Sentyabrın 11-də general Paskeviç birləşmiş qüvvələrlə Sərdarabada doğru yürüşə başladı və səhəri gün qalaya yaxınlaşdı. Bu xəbəri eşidən Abbas Mirzə öz qüvvələri ilə birlikdə Makuya doğru geri çəkildi. Sərdarabad qalası İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xanın öz qüvvələri ilə müdafiə olunurdu.
Sentyabrın 14-də Krasovskinin başçılıq etdiyi qoşun Sərdarabad qalasını mühasirəyə aldı. 10-12 il bundan əvvəl İrəvan xanı tərəfindən tikilmiş Sərdarabad qalası Üçkilsədən Alagözə doğru uzanan geniş düzənlikdə yerləşirdi. Dördbucaq şəklində nəhəng qüllə və qapıları olan, ikiqat hündür divarları qalaya kifayət qədər müdhiş görkəm verir və onun alınmasını çətinləşdirirdi. Qalanın 14 topla silahlanmış iki minlik qarnizonuna Həsən xanın nəvəsi gənc və təcrübəsiz Fətəli xanın başçılıq etməsi Paskeviçə qalanın tutulmasına ümid verirdi. Lakin İrəvan sərdarının qardaşı Həsən xan Qacar qalaya girməyə müvəffəq oldu və müdafiəçilərin döyüş ruhunu yüksəldərək onları qala divarları arasında öləcəklərinə, amma təslim olmayacaqlarına and içdirdi. Paskeviç əvvəlcə qalanı hücumla deyil, düzgün təşkil edilmiş mühasirə ilə almaq istədi və general-leytenant Krasovskini mühasirə korpusunun rəisi təyin etdi. Paskeviç ilk həmləni qalanın cənub hissəsindən başlamağı qərara aldı. Sentyabrın 15-dən başlayaraq Sərdarabad top atəşinə tutuldu və qaladakılar cavab atəşi açdılar. Sentyabrın 16-da tezdən mühasirə artilleriyası gəlib yetişəndən sonra onların qala ətrafında yerləşdirilməsinə başlandı. Sentyabrın 18-dən başlayaraq şəhər 24 topdan şiddətli atəşə tutuldu. 2 gün fasiləsiz davam edən atəşdən sonra qala qarnizonu ələ keçməmək üçün mühasirədən çıxmağa müvəffəq oldu. Sentyabrın 20-də səhər Paskeviç əsas qüvvələri ilə qalaya daxil oldu.
Məcburiyyət qarşısında atılan bu addım Həsən xanın yüksək sərkərdəlik məharətini nümayiş etdirirdi. Bununla belə, qaladakı xeyli hərbi sursat və ərzaq - 13 top, 14 min çetvert buğda ilə dolu anbar, çoxlu pambıq parça, xeyli hərbi sursat rus qoşunlarının əlinə keçdi. Şerbatova görə, qala qarnizonundan 500 nəfər öldürülmüş və yaralanmış, 250 nəfər isə əsir götürülmüşdü. Burada ələ keçirilən taxıl ehtiyatı, Paskeviçin hesablamalarına görə, rus ordusunun bütün sağ cinahını altı ay ərzaqla təmin edə bilərdi. Bundan əlavə, anbarlarda çoxlu barıt, mərmi, pambıq və s. ehtiyatı, qala divarlarında isə 13 mis top ələ keçirilmişdi.
Sərdarabad qalasında bu qədər ehtiyatın toplanması göstərirdi ki, xan öz qoşunlarını yadelli işğalçılara qarşı uzunmüddətli mübarizə üçün hazırlamışdı. Lakin çoxlu sayda top və batareyaların şəhəri fasiləsiz atəşə tutması nəticəsində xan və onun qoşunları həmin ərzaq və hərbi sursat ehtiyatlarını məhv edə bilməmişdi. Bəzi məlumatlara görə, Sərdarabadın itirilməsindən sonra şahın İrəvan və Naxçıvan xanlıqlarını güzəştə getmək niyyətinə baxmayaraq, Abbas Mirzə onun Rusiya ilə sülh bağlamaq barədə əmrini yerinə yetirmirdi.
Qacarlar İranının hərbi uğursuzluqlarına baxmayaraq, İrəvan xanının qoşunları işğalçılara qarşı müqavimət göstərməkdə davam edirdi. Əsas diqqət İrəvan qalasının müdafiəsinə yönəldilmişdi. Sərdarabadın mühasirəsindən çıxa bilən Həsən xan İrəvan qalasını möhkəmləndirməkdə idi. Sentyabrın 21-də Paskeviç mühasirə artilleriyasını Üçkilsəyə yola saldı. Ertəsi gün bütün dəstə İrəvana doğru yola düşməli idi. Sərdarabada polkovnik Xomutov komendant təyin edildi. Qala qarnizonu Krım alayından bir tabor, iki top, erməni və kazak dəstələrindən ibarət idi. Sentyabrın 23-də Paskeviçin hərbi qüvvələri İrəvan qalasının 2 verstliyində düşərgə salaraq qala divarlarından 750 sajen məsafədə yerləşən Muğanlıtəpə kurqanını tuldu və İrəvan qalasına baxış keçirdi: "Zəngi çayının sıldırımlı sahilindən İrəvan qalasının bağları, minarə və qüllələri ilə birlikdə içəridəki binalar görünürdü. Dik sahilin zirvəsində, 200 sajen məsafədə mazğalları və cinahlarda bürcləri olan qala divarları uzanırdı. İrəvanın sahil müdafiə xəttinə lazımi fikir verilməmiş, bəzi yerlər isə uçub-tökülmüşdü. Lakin sahilin dik olması və çayın axını sahil müdafiə xəttini yarmağa və mühasirəyə almağa mane olurdu. Qalanın digər üç tərəfi isə 50 topla təchiz edilən və su ilə doldurulan dərin xəndəklə əhatələnmişdi. Bürclərdən və cinahlardan müdafiə olunan ikiqat qalın divarların olması isə qala qarnizonunun inadla müdafiə olunacağından xəbər verirdi. Sərdarabadın süqutu bundan sonra İrəvan qalasına başçılığı öz üzərinə götürmüş Həsən xanın güc və fəaliyyətini zəiflədə bilməmişdi. Paskeviç kəşfiyyat nəticəsində öyrənmişdi ki, İrəvan qalasındakı çoxlu barıt, mərmi və taxıl ehtiyatı onun müdafiəsini və qarnizonun ərzaq ehtiyacını bir neçə ay ödəyə bilər. Lakin Həsən xanın qardaşı - İrəvan sərdarı Hüseynqulu xan tərəfindən İrəvan şəhərindən və qalanın ətraf ərazilərindən qalaya 18 min əhali köçürülmüşdü. Yalnız onların tibbi-sanitariya vəziyyəti xanı narahat edə bilərdi". Qalaya baxış keçirən Paskeviç oranın mühasirəsinə cənub-şərq tərəfdən başlamağı qərara aldı. İki hündür qülləsi olan İrəvan qalasının iri xəndəklə əhatə olunmuş divarları arxasında toplar qurulmuşdu. Qala qarnizonu 2 min əsgər və 2 min atıcıdan ibarət idi. Qaladakı ərzaq ehtiyatı yarım ilə nəzərdə tutulmuşdu.
Artıq hər tərəfdən təcrid olunduğu üçün qalanın müdafiəsinin mümkünsüzlüyünü yəqin edən Hüseynqulu xan Qacar öz süvariləri ilə Osmanlı hüdudlarına doğru tərəf geri çəkildi. Qalanın müdafiəsinə onun qardaşı Həsən xan Qacar başçılıq etdi. 1827-ci il sentyabrın 24-də İrəvanın rus qoşunları tərəfindən növbəti mühasirəsi başlandı. Paskeviç həmin gün Muğanlıtəpədən sağa doğru batareyalar qurdu və bütün gecəni qalanın içərisini top atəşinə tutdu. Şəhəri ara vermədən 2 batareya 3 gün artilleriya atəşinə tutdu. Ağır topların atəşinə davam gətirməyən qala bürcləri dağıldı. Qala müdafiəçilərini sudan məhrum etmək məqsədilə Paskeviçin əmrilə qala divarlarının dibindəki kəhrizlər daşla dolduruldu. Eyni zamanda Paskeviç Həsən xandan qalanın təslim olunmasını tələb etdi. Lakin bu müraciətə məhəl qoymayan Həsən xan Qacar əksinə, bürcləri təmir etdirərək yeni döyüşə hazırlaşdı. Qala qarnizonu rus qoşunlarını güclü atəşə tutdu. Lakin işğalçıların mühasirə korpusu topları şəhərə yaxınlaşdıra bildi. Növbəti təslim cavabına müsbət cavab almayan Paskeviçin əmrilə İrəvan qalasına 40 topdan 1000-dən artıq mərmi yağdırıldı. Şəhər od-alov içində yanmağa başladı. Uçqunlar altında və yanan şəhərin tüstü-dumanı içərisində qalan dinc əhali içərisində təşviş və ümidsizlik baş aldı. İrəvanlılar da düşməni top atəşinə tuturdular. Lakin qaladakı ermənilərin xəyanət edərək düşmənlə əlaqəyə girməsi vəziyyəti daha da ağırlaşdırdı. Ermoni casusları Paskeviçlə əlaqə yaradıb qala müdafiəçilərinin mövqeyi, sayı, topların yerləşdirildiyi yerlər və s. barədə bütün hərbi sirləri ona çatdırırdılar. Bundan başqa, təcrübəli topçuların olmaması üzündən onların atdığı mərmilər sərrast olmurdu. Digər tərəfdən, bəzi topların arxasında ermənilər durduğundan onlar xəyanət edərək topu rus qoşununa deyil, boş yerlərə atırdılar.
Həmçinin qaladan bayırda olan ermənilər də İrəvan qalasının ələ keçirilməsi üçün rus qoşunlarına yardım edirdilər. Əştərəkli Nerses adlı bir erməni sentyabrın 27-28-də rus qoşunlarına təcili yardım etmək üçün Üçkilsə kəndlilərinə xüsusi çağırışla müraciət etmişdi. Bundan başqa, rəvan qalasının müdafiəsi zamanı şəhərdə yaşayan azsaylı ermənilər rus qoşunlarına hər cür yardını göstərirdilər. Hələ 1827-ci ilin aprelində şəhər əhalisi ilə yerlərini tərk edib qalaya köçəndə ermənilər azərbaycanlılardan təcrid olunmuş şəkildə qalada yerləşdirilmişdi. Ermənilər qala divarlarının üstünə qalxıb papaqlarını yellədə-yellədə təslim olduqları barədə işğalçılara işarə verdikləri halda, qalanın azərbaycanlı əhalisi özlərinin qədim şəhərini qəhrəmancasına müdafiə etməkdə davam edirdilər. Sentyabrın 30-da qalanın mühasirəsi daha da daraldıldı. Toplar yeni, daha yaxın mövqelərə gətirildi. Qala divarları bütün mövqelərdən atəşə tutuldu. Həsən xanın əmrilə oktyabrın 1-nə keçən gecə qala müdafiəçiləri rus qoşunlarını yenidən güclü atəşə tutdu. Lakin bu, istənilən nəticəni vermədi. Oktyabrın 1-də qaladakı ermənilər işğalçılarla əlaqəyə girərək qiyam qaldırdılar və Həsən xandan tələb etdilər ki, qalanı ruslara təslim etsin. Ermənilər, xanın bütün səylərinə baxmayaraq, qalanın şimal qapılarını rus qoşunlarının üzünə açdılar. Pottoya görə isə, qala qapılarının üzərində ağ bayraq qaldıran adamlar görünsə də, qapı açılmamışdı. Bu təslim bayrağını qaldıranlar yaşadıqları dövlətə xəyanət edən ermənilər idi. Artıq yuxarıda qeyd olunduğu kimi, İrəvanın mühasirəsi zamanı ermənilər Paskeviçlə əlaqəyə girə bilmiş və azərbaycanlıların qalanın hansı hissəsində yerləşdiklərini, top atəşlərini hara istiqamətləndirmək lazım olduğunu ruslara bildirmişdilər. Bundan istifadə edən podpolkovnik Qurko və Şepelevin dəstəsi qalanın cənub-şərq qülləsini tutdu. Bundan sonra qalanın şimal qapılarına yaxınlaşan Krasovski Azərbaycan türkcəsi yaxşı bilən Belova onlara elə həmin dəqiqə qala qapılarını açmalarını deməyi əmr etdi. Bu, sözlər Belovun ağzından çıxan kimi qaladan atəş açıldı və folkonetdən açılan iri mis mərmi onun beynini göyə sovurdu. Bu İrəvan qalasından Həsən xan Qacarın əli ilə atılan sonuncu mərmi oldu. Bir dəqiqədən sonra darvazalar açıldı və rus qoşunları qalaya soxuldu. Məlumata görə, İrəvan qalasının qəhrəman müdafiəçisi Həsən xan Qacar son anda qalanı düşmənə təslim etməkdənsə partlatmaq məqsədilə barıt qülləsinə yanan fitil qoymuşdu. Lakin poruçik Lemyakin bunu vaxtında görmüş və əli ilə yanan fitili götürmüşdü. Elə bu anda qarnizon silahı yerə qoymuşdu. Həsən xan isə özünə sadiq adamları ilə məsciddə müdafiə olunurdu. M.Şerbatova görə isə, ruslar qala qapısını sındırıb içəri girmişdi. Ermənilərin xəyanəti nəticəsində şəhərin qərb tərəfində yerləşən Təpəbaşı adlanan məhəlləni tutmağa hazırlaşan ruslar Zəngi çayını keçərək orada batareya qurdular... Məhz 6 günlük mühasirədən sonra bu hissədən qala divarları dağıdıldı və 6 qvardiya alayı şəhərə daxil ola bildi. Erməni xəyanətindən istifadə edərək qalaya daxil olan rus qoşunları ilə onun qəhrəman müdafiəçiləri arasında qanlı doyüş baş verdi. 200-dək əyanla qaladakı məscidlərin birinə çəkilən Həsən xan Qacar müqavimət göstərməkdə yenə də davam edirdi. Axşama yaxın İrəvan qalası işğalçıların əlinə keçdi. Həsən xan Qacarla bərabər qalanın Komendantı Sübhanqulu xan, xüsusi tabor komandiri Qasım xan, Mərəndli Cəfərqulu xan, Təbrizli Əlimərdan xan, Əhərli Aslan xarı Fətəli xan və başqaları ələ keçirildi. Həmçinin qala üzərindəki bütün toplar, silah və sursat ehtiyatı da düşmənin əlinə keçdi. Bundan əlavə, vaxtilə böyük türk sərkərdəsi və hökmdarı Əmir Teymura məxsus olmuş, dəstəyi qızıl və qiymətli daşlarla bəzədilmiş Həsən xan Qacara məxsus qiymətli qılınc da rusların əlinə keçdi.
Doğma torpağının azadlığı naminə dəfələrlə yadellilərə qəhrəmancasına müqavimət göstərən İrəvan qalasının ələ keçirilməsi Rusiya imperatorunun sarayında böyük sevinclə qarşılandı və təntənəli mərasimlə qeyd olundu. V.Potto bu hadisəni təsvir edərək yazır ki, İrəvan qalasının işğalı xəbərini alan I Nikolay Riqadan tələsik Peterburqa qayıtdı. Noyabrın 8-də İrəvanın alınması münasibətilə imperator bütün ailə üzvləri ilə birlikdə Qış sarayı kilsəsində dua oxuma mərasimi keçirdi. Elə həmin gün İrəvan qalası darvazasının açarları və qala divarlarından ələ keçirilmiş 4 bayraq şəhərin mərkəzi küçələrindən keçirilərək nümayiş etdirildi.
Paskeviçin əmrilə 1827-ci il oktyabrın 2-də İrəvan qalasının işğalı ilə bağlı rus qoşunlarının "qələbə" paradı keçirildi. Parad zamanı İrəvanın qala divarlarının böyük bir hissəsi, sanki tarixin bu ədalətsizliyinə tab gətirməyərək, uçdu və onun dağıntıları altında çoxlu işğalçı Rusiya əsgəri qalıb məhv oldu. İrəvan xanlığının işğalı ilə Şimali Azərbaycanın bütün ərazisi Rusiyanın tərkibinə qatıldı. Məğlub edilmiş Qacarlar İranı ilə 1828-ci il fevralın 10-da Türkmənçayda müqavilə imzalandı. Müqavilənin üçüncü maddəsinə əsasən, Şimali Azərbaycanın Gülüstan müqaviləsinə (1813) daxil edilməmiş İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasına ilhaq edildi.
Beləliklə, Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqları iki imperiya arasında yenidən - ikinci dəfə bölüşdürüldü. Öz torpağının əsil sahibi olan Azərbaycan xalqının iradəsi nəzərə alınmadan Azərbaycan Rusiya imperiyası ilə Qacarlar İranı arasında bölüşdüldü. Şimali Azərbaycan çar Rusiyasının, Cənubi Azərbaycan isə Qacarlar İranının əsarəti altına düşdü. Çox keçmədən - 1828-ci il martın 21-də (Novruz bayramı günlərindən birində - red.) imperator I Nikolayın xüsusi fərmanı ilə Rusiya işğalçıları qədim Azərbaycan torpağı olan İrəvan və Naxçıvan xanlıqları ərazilərində “Erməni vilayəti” adlı qondarma qurum yaratdılar. Bununla Azərbaycan torpaqlarında sonralar erməni dövlətinin yaradılmasının, həm də Cənubi Qafqaz regionunda yeni gərginlik ocağının əsası qoyuldu.
Ədəbiyyat: