AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Cavad xan (1749-1786)

Cavad xan (1749-1786)

Gəncə xanı

Cavad xan 1786-cı ildə Gəncə xanlığında hakimiyyətə gəlmişdi. Onun hakimiyyəti dövründə xanlığın mövqeyi xeyli möhkəmləndirildi. P.Q. Butkovun yazdığına görə, Cavad xanın Gəncədə hakimiyyət başına gəlməsində Kartli-Kaxeti çarı II İraklinin yaxından iştirakı olmuşdur. Lakin, gürcü mənbələrinə əsaslanan Ş.Həmidova bu fikrin əsassız olduğunu göstərir. Tədqiqatçı II İraklinin öz əli ilə yazdığı məktubundan belə bir iqtibas verir: “İbrahim xan bizim istəmədiyimiz Cavad xan Ziyadoğlunu Gəncəyə xan təyin etdi”. Cavad xan hakimiyyət başına gəldikdən sonra müstəqil siyasət yeritməyə cəhd etmiş və 1795-ci ildən Kartli-Kaxeti çarlığına xərac verməkdən imtina etmişdi. Ağa Məhəmməd şahın 1795-ci il Azərbaycana yürüşündə Cavad xan onun tərəfində çıxış etmişdi. Görünür, bu Cavad xanın bir tərəfdən Kartli-Kaxeti çarlığı və Qarabağ xanlığının təzyiqlərinə son qoymaq arzusu ilə bağlı idisə, digər tərəfdən Ağa Məhəmməd xanla eyni soykökə bağlı olmasından irəli gəlirdi.

1796-cı ilin oktyabrında Azərbaycanda olan rus qoşunlarına kömək məqsədilə V.Zubovun sərəncamına general-mayor knyaz Sisyanovun komandası altında süvari alayı və piyada batalyonu göndərildi. V.Zubovun növbəti yürüşü Gəncə xanlığına nəzərdə tutulmuşdu. Həmin vaxt Kartli-Kaxetiya tərəfindən təcavüzə məruz qalan Gəncə xanlığına Osmanlı sultanı yardım göstərmək istəyirdi. V.Zubov yaxşı dərk edirdi ki, Qafqazda Osmanlı ilə müharibə gedərsə heç şübhəsiz, gəncəli Cavad xan osmanlıların tərəfinə keçəcəkdir. Məhz buna görə də V.Zubovun göstərişi ilə general-mayor Rimski-Korsakovun başçılığı ilə rus qoşunlarının bir hissəsi Gəncə üzərinə göndərilmişdir. Müqavimət göstərməyin heç bir mənası olmadığını duyan Cavad xan Gəncə qalasını mühasirəyə almış səkkiz min nəfərlik rus qoşununu qalaya buraxmağı məsləhət bilmişdir. Beləliklə, Gəncə xanlığı rus qoşunlarına təslim edilmişdir. Gəncəni zəbt etdikdən sonra general V.Zubov Rimski-Korsakova ehtiyatla hərəkət edərək mümkün qədər qala divarlarını möhkəmləndirilməsini, qalanın yerli əhalidən təmizlənməsini və rus qoşunlarının qalada yerləşdirilməsini əmr etmişdir. II Yekaterinanın vəfatı ilə yeni imperator I Pavel qraf Zubova Cənubi Qafqazı tərk etmək əmrini verir. Rusların gedişindən dərhal sonra 1797-ci ilin yazında Ağa Məhəmməd şah Qacar Azərbaycana ikinci dəfə yürüş edərək Şəmşəddil və Qazaxı gəncəli Cavad xana verməyi İraklidən tələb etdi. Ağa Məhəmməd şahın həmin ilin iyul ayında Şuşada qətlə yetirilməsi bu planın reallaşdırılmasına imkan vermədi.

Cavad xanın rus işğalçılarına qarşı göstərdiyi rəşadət tarixi ədəbiyyatlarda geniş işıqlandırılıb. Cavad xan general Sisianovun haqsız tələblərini qətiyyətlə rədd etdiyi üçün rus qoşunları Gəncəni mühasirəyə aldılar. 1803-cü il, noyabrın 29-da qoşunlarla Şamxora gələn Sisyanov hədə-qorxu dolu məktubu ilə Cavad xandan qalanı təslim etməyi tələb etdi: “Gəncə ərazisinə daxil olaraq Sizə gəlişimin səbəbini elan edirəm: 1) Gəncə, ətrafı ilə birlikdə Gürcüstana məxsus olmuş və gürcü çarlarının zəifliyi ucbatından ondan qoparılmışdır. Gürcüstanı öz himayəsinə qəbul edən Ümumrusiya imperiyası... Gəncənin yad əllərdə qalmasına laqeyd qala bilməz...; 2) ...mən qoşunla şəhəri almağa gəlmişəm... sizə şəhəri təslim etməyi təklif edirəm, əgər sabah günorta cavab almasam müharibə başlayacaq. Gəncə ətrafına od və qılınc gətirəcəyəm”.

Cavad xan isə Gəncənin Gürcüstana məxsus olmasını nəinki inkar edir, hətta bildirir ki, Gürcüstanın özü belə vaxtilə Gəncə bəyləri tərəfindən idarə olunmuşdur: “...Bu nağıla heç kim inanmaz (Gəncənin Gürcüstandan asılı olmasına). Amma əcdadlarımız Abasqulu xan və başqaları Gürcüstanı idarə etmişlər... Gürcüstanda onun məscid və dükanları qalır, bir çox gürcüdə əmrləri mühafizə edilir. İraklinin və atamızın dövründə Gəncə və Gürcüstan sərhədləri dəqiqləşdirilib... Padşahın fərmanı indi də əlimdədir. Bax gör, orada mən necə adlanıram: Gəncə bəylərbəyi, yaxud Gürcüstan vassalı? Buradan aydın olur ki, sözlərin tam yalandır”. Təslim olmağı ağlına belə gətirməyən Cavad xan müharibəyə hazır olduğunu bildirir: “Əgər sən mənimlə müharibə etmək istəyirsənsə, mən hazır, müvəffəqiyyət Allahın əlindədir”. Tarixçi Mirzə Adıgözəl Bəy yazır ki, “rus orduları Gəncə torpağına girib ətrafı tutdu. Cavad xan öz adamlarını və qoşununu götürüb onların qabağına gəldi. Gəncənin iki verstliyində Qulu qobu adlı yerdə iki ordu üz-üzə gəldi və hərbi atəşi alovlandı... qoşunlar şəhərə girib içəri qalandı (ərki) dörd bir tərəfdən sıx surətdə mühasirəyə aldılar. Bir ay orada qaldılar”. Həmin döyüşdə gəncəlilər 250 adam itirdilər, 200 şəmşəddilli və 300 erməni ruslara təslim oldu. Qeyd edək ki, yerli erməni əhalisi rus qoşunlarının xanlığı tutması üçün əllərindən gələn xidmətləri əsirgəməyiblər. Hələ 1803-cü ilin yanvarında Lazarevin Sisyanova raportunda göstərilirdi ki, “kazaklar tərəfindən tutulmuş iki erməni sorğu zamanı bildirmişlər ki, bütün Gəncə erməniləri rus qoşunlarının Gəncəyə gəlməsini səbrsizliklə gözləyirlər”. Buna cavab olaraq Sisyanov noyabrın 30-da Gəncə ermənilərinə müraciətində bildirirdi ki, «sizlərdən kim güclü rus dövlətinin himayəsinə sığınarsa, şəxsiyyəti və əmlakı bütün təhlükələrdən qorunacaqdır”. Bir ay mühasirə müddətində Sisyanov beş dəfə hədələyici məktubla Cavad xandan qalanı təslim etməyi tələb etdi. Dekabrın 29-da o axırıncı məktubunda qalanın təslim olması haqqında şərtləri də göndərdi. Bu şərtlərə görə Cavad xan, bütün əhali ilə Rusiya himayəçiliyinə keçməli, qalanı təslim etməli, ildə 20 min rubl bac verməli, Gürcüstandakı rus qoşunlarını ərzaqla təhciz etməli, nəhayət oğlu Hüseynqulu ağanı girov verməli idi. Bu dövr haqqında yazan müəlliflərin hamısı Cavad xanın qəhrəmanlıqla müdafiə olunduğunu bildirir. Sisyanovun qalanı təslim etmək haqda tələbinə Cavad xan belə cavab verirdi: “O ki qaldı şəhərin təhvil verilməsinə, xam xəyaldan əl çək, Gəncəyə yalnız meyidimin üstündən keçə bilərsən... özgə cür yox”. Cavad xan bütün tələbləri rədd edib son döyüşə, ölüm-dirim müharibəsinə hazırlaşırdı. Burada başqa çıxış yolu tapmaq da mümkün deyildi, bəlkə də heç yox idi. Dediyi kimi o yalnız Allahın mərhəmətinə bel bağlayır və axıdılacaq qanlar üçün bütün günahların Sisyanovun boynuna düşməsini nəzərə alıb təskinlik tapırdı. Çünki o buraya gəlməsəydi və işğalçılıq iddiasına düşməsəydi bu qanlar axıdılmazdı. Sisyanovun işlətdiyi hiylələr, gəldiyi hədə-qorxular Gəncəni döyüşsüz ələ keçirmək üçün bir nəticə vermir. Mühasirəni davam etdirmək isə getdikcə çətinləşirdi. Dekabrın 29-da hərbi şura ya geri çəkilməyi, ya da hücum etməyi qərarlaşdırmalıydı. Rus qoşunları üçün rüsvayçılıq olan birinci yol işğalçılıq planlarının puç olmasına gətirib çıxara bilərdi. Buna görə hərbi şura yanvarın 3-da hücum etməyi qərara aldı. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə Gəncə rus qoşunları qalaya hücuma başladılar. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan və oğlu Hüseynqulu ağa göyüşlərdə qəhrəmancasına həlak oldular. Qanlı döyüşlərdən sonra qala rus qoşunları tərəfindən tutuldu. Cavad xandan nümunə götürən qalanın müdafiəçiləri də qeyri-bərabər döyüşdə axıra qədər vuruşmuş, döyüş meydanından qaçmamışdılar. Ölülərin sayı 1500, əsirlərin sayı isə 17224 nəfər imiş. Rəqəmlərdən göründüyü kimi bütün şəhər igidliklə müdafiə olunurmuş. Gəncə xanlığı ələ keçirilərək ləğv olundu və hərbi dairəyə çevrildi, şəhər isə öz qədim adını itirdi. I Aleksandrın arvadının şərəfinə Yezavetpol adlandırıldı. “Gəncə” adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə edildilər.

Ədəbiyyat:

  1. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsrin II yarısı). Bakı, “Nurlan”, 2002, 132 s.
  2. Бабаев Э. Из истории Гянджинского ханства (1747-1804). Баку, 234 с.
Paylaş: