AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Saray xatun (XV əsr)

Saray xatun (XV əsr)

Şərqdə ilk diplomat qadın, görkəmli dövlət xadimi.

Tarixşünaslığımıza Saray Xatun kimi daxil olan bu diplomat qadının adı əsərini Uzun Həsənə ithaf etmiş olan Ağqoyunlu tarixçisi Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsərində Saray Xatun kimi göstərildiyini nəzərə alaraq, biz də bu adı dövrün qaynağında verildiyi kimi saxlamağı məqsədəuyğun hesab etdik. Türk tarixçisi Faruk Sümerin yazdığı kimi Saray adı türklər arasında qadınlara verilirdi. Beləki, Əmir Teymurun mötəbər xanımlarından birinin adı Saray Mülk xanım, Qaraqoyunlu İsgəndərin qızlarından birinin də adı Şah Saray olmuşdu. Azərbaycanın XV yüzillikdə yaşamış görkəmli dövlət xadimi Saray Xatun diplomatiya tariximizdə mühüm yer tutan nadir şəxsiyyətlərdəndir. Azərbaycanın və bütün Şərqin zəngin dövlətçilik ənənələri və yaşadığı dövrün beynəlxalq münasibətləri ilə, o cümlədən xristian dünyasında baş verən hadisələrlə dərindən tanış olan Saray Xatun son dərəcə tədbirli siyasi xadim kimi tanınmışdır. Ağqoyunlu sarayında seçilən, sayılan, sözü tutulan dövlət adamı, dövrün ziyalı şəxsiyyətlərindən biri idi.

Dövrün qaynaqlarında Saray Xatunun doğum və ölüm tarixi ilə bağlı mühüm məlumata rast gəlinməsə də, onun XV yüzilliyin 70-ci illərinin ortalarında həyatda olduğu və Azərbaycan Ağqoyunlu dövlətinin xarici siyasətində yaxından iştirak edərək özünün ağbirçək məsləhətləri ilə həlledici rol oynadığını dövrün qaynaqları təsdiq edir. Saray Xatun Uzun Həsənin babası Qara Osmanın qardaşı Pirəli bəyin qızı olmuşdu. Faruk Sümer yazır ki, əri Əli bəy nə qədər zavallı bir şəxsiyyət idisə, Saray Xatun da, o dərəcədə ağıllı, bacarıqlı və çox gözəl, səlis danışıq qabiliyyəti olan bir Xatun olmuşdu. Hətta o, Əli bəyin sağlığında belə, bir müddət Xarput şəhərini idarə etmişdi. Cahangir Mirzə ilə Uzun Həsənin bu dəyərli anasının Xarputda tikdirdiyi məscid zəmanəmizə qədər gəlib çatmışdır.

Saray Xatun Ağqoyunlu hökmdarı Əli bəyin ölümündən sonra dövlətin müstəqilliyinin qorunub saxlanmasında, Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda gedən ara müharibələri və saray çəkişmələrinin aradan qaldırılmasında mühüm rol oynamışdır. XV yüzilliyin ortalarında Uzun Həsənin qardaşı Cahangir Mirzənin öz mövqeyini gücləndirmək üçün əzəli rəqibləri olan qaraqoyunlulara yaxınlaşması və Qaraqoyunlu Cahanşahla ittifaqa meyl etməsi qardaşlar arasında münasibətləri kəskinləşdirmişdi. Bu zaman Saray Xatun oğlanları arasındakı münasibətləri nizama salmaq və Ağqoyunlu bəyliyini möhkəmləndirmək üçün özünün bütün bacarığını ortaya qoymuşdu. Ağqoyunlu tarixçisi Əbubəkr Tehrani bu haqda yazır ki, Uzun Həsən qardaşı Cahangir Mirzənin qaraqoyunlu Cahanşaha qoşulmasını düzgün və məqsədəuyğun saymamış, onu bu hərəkətindən çəkindirmək üçün anası Saray Xatunu onun yanına göndərmişdi. Cahangir Mirzə qardaşının şərtlərini qəbul etməmiş və anasının sözlərini qulaqardına vurub, fikrindən dönməmişdi. Lakin Uzun Həsənin qüvvələri tərəfindən məğlub edilən Cahangir Mirzə yenidən anasını onun yanına elçi göndərərək qardaşından bu düşmənçiliyə son qoyulmasını istəmişdir.

Saray Xatunun müdrikliyi və saraydakı nüfuzu nəticəsində Əli bəyin oğlanları arasında hərbi istedadı və siyasi uzaqgörənliyi ilə seçilən Uzun Həsən (1453-1478) Ağqoyunlu taxtına çıxarılmış, kiçik Ağqoyunlu dövləti nəinki öz siyasi rəqiblərini aradan qaldıra bilmiş, hətta XV yüzilliyin 60-70-ci illərində dövrün ən qüdrətli feodal imperiyalarından birinə çevrilmişdi. Saray Xatun dövlət həyatının bütün sahələrində öz oğlunun - XV yüzilliyin görkəmli dövlət xadimi, məşhur sərkərdə və diplomatı kimi şöhrət qazanmış Uzun həsənin ən yaxın məsləhətçisi olmuşdu.

Ağqoyunlu dövlətinin xarici siyasətinin sahmana salınmasında və möhkəm­ləndirilməsində görkəmli diplomat və dövlət xadimi olan Saray Xatunun böyük rolu vardı. Uzun Həsənini anası demək olar bütün Şərqdə yeganə istedadlı diplomat qadın kimi məşhur olan Saray Xatun Avropa ölkələrində də yaxşı tanınırdı. O, bir dövlət xadimi kimi hakim sinfin mənafeyini müdafiə edir, feodal dövlətinin möhkəmləndirilməsinə çalışırdı. O, bu məqsədlə feodal dağınıqlığına və sülalə üzvlərinin mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda ara müharibələrinə, saray çəkişmələrinə qarşı mübarizə aparmışdı.

Saray Xatunun dövrünün tanınmış dövlət xadimi və diplomatı kimi tanınmasına XV yüzilliyin ortalarında aralarında qədim rəqabətin olduğu qonşu Qaraqoyunlu dövləti ilə ağqoyunluların kəskinləşən münasibətlərinin nizama salınmasındakı xidmətləri bir daha təsdiq edir. Əbubəkr Tehrani bu haqda maraqlı məlumat verir. O, yazır: “Qaraqoyunlu sərkərdəsi Rüstəm Tərxan Kor Pir Məzid adlı şəxsi Cahangir Mirzənin yanına göndərdi ki, bizim aramızda qohumluq var. Sən ananı Cahanşah Mirzənin yanına göndər ki, arada sülh yaratsın. Qohumluq da onda idi ki, mərhum Əli bəyin anası Tərxanın qardaşı qızı idi. Rüstəm Tərxan nökərini yola saldı. Saray Xatun Rüstəm Tərxanın nökəri ilə Cahanşah Mirzənin yanına gəldi. Hörmət və təzimdən sonra Cahanşah buyurdu ki, iki qardaşdan biri - ya Cahangir Mirzə, ya da Həsən bəy gəlsinlər, bizim barışığımış sədaqətlə və saflıqla birləşsin. Saray Xatun buyurdu ki, onların gəlməsi mümkün olan şey deyil, əgər mən burada vəd versəm yalan demiş olaram”.

Dövrün qaynağının verdiyi məlumatdan göründüyü kimi Ağqoyunlu dövlətinin qonşu dövlətlərlə münasibətlərinin nizama salınmasında, yaranmış gərginliyin aradan qaldırılmasında Saray Xatunun diplomatik missiyası həlledici rol oynamışdı. Saray Xatun oğlu Cahangirlə Cahanşah arasındakı münasibətləri qaydaya salmış və 1452-ci il aprelin 9-da tərəflər arasında Diyarbəkr andlaşmasını bağlamışdı. Müqaviləyə görə, Cahangir Diyarbəkrdə Qaraqoyunlu hakimiyyətini tanıyacaq, qızını Cahanşahın oğlu Məhəmmədi Mirzəyə ərə verəcək və oğlu Muradı Cahanşahın sarayına girov olaraq göndərəcəkdi. Lakin Uzun Həsən qardaşının bu hərəkətindən razı qalmadı və ona qarşı mübarizəyə başladı. Əbubəkr Tehrani yazır ki, bir neçə gündən sonra Uzun Həsənin anası öz övladlarının münasibətlərini və vilayət əhalisinin vəziyyətini qaydaya salmaq üçün Mardindən çıxdı.

Saray Xatununun səyləri nəticəsində həmin dövrdə kiçik bəylik olan Ağqoyunlu dövləti Osmanlı və Qaraqoyunlu dövlətləri kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya və möhkəmləndirə bilmişdi. Olduqca ağıllı və tədbirli qadın olan Saray Xatun dövlətin idarə işlərinin bütün sahələrində oğluna yaxından kömək edirdi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Saray Xatunun rolu daha mühümdür. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi. Saray Xatunu bir diplomat, eləcə də dövlət xadimi kimi təkcə Şərqdə deyil, eləcə də Avropada da tanıyırdılar. Onun adına xarici ölkələrdən - o cümlədən Qərb dövlətlərindən məktublar göndərilir, Təbrizə gələn xarici diplomatlar, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri onunla danışıq aparırdılar. XV yüzilliyin diplomatiya tarixini əks etdirən ilk mənbələrdə bu barədə olduqca maraqlı məlumatlar vardır. Y.Mahmudlu bununla bağlı dəyərli məlumat verərək yazır ki, Venesiya hökuməti 1473-cü ilin fevralında Uzun Həsənin sarayına yola düşən növbəti səfiri İosafat Barboraya belə bir məxvi tapşırıq vermişdi: “Hökmdarın / Uzun Həsənin/ anasına / Saray Xatuna / da baş çək, ona ehtiram göstər, hədiyyələr ver. /Azərbaycanda/ qəbul olunmuş qaydada ad-sanına layiq tərzdə çıxışlar edib onu Türkiyə ilə müharibəni davam etdirməyə çağır. Oğlanları, qardaşı oğlanları və nəvələri üçün bu işin nə qədər vacib olduğunu şəxsiyyətinə vacib olan ifadələrlə izah et”.

Venesiya respublikasının senatı Saray Xatunun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırıq verdi ki, ona ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər və məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən demək olar ki, bütün diplomatik sənədlərdə Saray Xatunun adı çəkilir və ondan bəhs olunurdu. Saray Xatun bir diplomat kimi nəinki ayrı-ayrı xarici ölkə elçiləri, həmçinin Qaraqoyunlu hökmdarı Cahanşah, Osmanlı sultanı II Mehmed, Misir Məmlük sultanı Xoşqədəm və Teymuri hökmdarı Əbu Səidlə danışıqlar aparmış və Ağqoyunlu dövlətinin xarici siyasət mənafeyini uğurla müdafiə etmişdir. Xüsusən də Ağqoyunlu dövləti üçün qonşu dövlətlər tərəfindən ciddi təhlükə yaranan zaman Uzun Həsən xarici siyasətlə bağlı olan ən çətin məsələlərin həllini Saray Xatununa etibar edirdi.

XV yüzilliyin 60-cı illərinin əvvəlində Saray Xatunun diplomatik fəaliyyətində onun Osmanlı sultanı II Mehmedlə apardığı Yassıçəmən danışıqları və burada sulh müqaviləsinin bağlanmasının böyük əhəmiyyəti vardı. 1461-ci ilin yayında imzalanan bu sülh Saray Xatunun Qaraqoyunlu Cahanşahla bağladığı barışığı nəzərə almasaq, xarici ölkə hökmdarları ilə imzaladığı ilk müqavilələrdən biridir. Saray Xatunun Ağqoyunlu sarayındakı nüfuzu və diplomatik fəaliyyəti Osmanlı sultanı II Mehmedə bəlli olduğu üçün o, 1461-ci ildə Ağqoyunlular və Trabzon üzərinə yürüşü zamanı Uzun Həsənlə münasibətləri nizama salmaq məqsədi ilə Saray Xatunun nüfuzundan yararlanmaq qərarına gəlmişdi. Bununla bağlı Əbubəkr Tehraninin verdiyi məlumat xüsusi maraq doğurur. O, yazır: “Sultan Məhəmmədin Trabzon üzərinə qəzavata getməsi xəbəri Ağqoyunlular arasında yayılanda, sahibqıran (yəni Uzun Həsən - T.N.) onlara basqın etməyi öz qoşununa qadağan etdi. Uzun Həsənin ismətli anası, mövlana Əhməd Yekərci və digər üləmalar yekdilliklə bildirdilər ki, o müsəlman padşahı olduğu üçün və qəzavata getdiyinə görə onunla düşmənçilik etmək şəriətə uyğun deyil, onunla sülh bağlamaq isə islamın və insanların xeyrinədir. Sultan Məhəmməd də elçi göndərib bildirdi ki, əgər Uzun Həsənin anası sülh danışıqlarına gəlsə əvəzində Trabzonu verərəm. Uzun Həsən ismətli anasını onun yanına göndərdi”.

Bütün Yaxın və Orta Şərqdə böyük nüfuz sahibi olan Saray Xatun Osmanlı sul­tanının hərbi düşərgəsində yaxşı qarşılandı. Dövrün Osmanlı tarixçisi Aşıq Paşazadənin verdiyi məlumata görə, sultan II Mehmed Saray Xatuna böyük sayğı göstərdi və diplomatik danışıqlar zamanı onlar bir-birinə “ana” və “oğul” deyə müraciət etmişdilər.

Saray Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik bacarığından istifadə edərək Uzun Həsənin onun qarşısında qoyduğu tapşırıqlardan birini yerinə yetirə bildi. Sultan II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı. Türk tarixçisi Rəşad Əkrəmin yazdığına görə, iki ölkə arasında Ağqoyunluların Osmanlı dövlətinə, habelə onun himayəsindəki ərazilərə hücum etməməsi, Osmanlı qoşunlarının hücumu zamanı Ağqoyunlu dövlətinin Trabzona kömək göstərməməsi şərti ilə sülh müqaviləsi bağlandı.

Əbubəkr Tehrani tərəflər arasında sülhün bağlandığını, lakin Osmanlı sultanının vədinə əməl etməyərək Trabzonu ələ keçirdiyini yazır. Saray Xatunun imzaladığı bu sülh müqaviləsinin Ağqoyunlu bəyliyi üçün mühüm əhəmiyyəti vardı. Bu müqavilə nəticəsində, o zaman Osmanlı dövləti ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini qoruyub saxlaya bildi. Lakin Saray Xatunun bütün səylərinə baxmayaraq, II Mehmedi Trabzonu fəth etmək cəhdindən çəkindirmək mümkün olmadı. Sultan II Mehmetlə Saray Xatun arasında bağlanmış Yassıçəmən sülhü barədə Y. Mahmudlu yazır: “Oğuz elinin ağbirçək diplomatının uzaqgörənliyi, siyasi məharəti sayəsində iki türk cahangiri arasında reallaşmaqda olan qardaş qırğınının qarşısı alınmışdı. Zəka, müdrüklük fəlakətə üstün gəldi. Türkü-türkə qırdırmaq siyasəti bu dəfə baş tutmadı. Ağqoyunlu-Osmanlı sülh müqaviləsi bağlandı. Beləliklə, Ağqoyunlu ulusunun məhv olmaq təhlükəsi sovuşdu. Lakin Sultan Trabzonu ələ keçirmək siyasətindən dönmədi”.

Dövrünün görkəmli sərkərdəsi və mahir diplomatı kimi tanınan sultan II Mehmed Ağqoyunlu dövlətini təcrid etdikdən sonra Trabzon üzərinə yeridi. O, Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin deyildi, buna görə də, Saray Xatunu da özü ilə götürdü. Sultan Trabzon yürüşü zamanı Uzun Həsənin anasını yanında saxlamaqla arxadan ağqoyunlular tərəfindən edilə biləcək hücumun qarşısını almaq istəyirdi. Lakin ƏbubəkrTehrani yazır ki, Uzun Həsən sülh bağ­landığı üçün osmanlılara hücum etmədi. Türk tarixçisi Yaşar Yücel sültan II Mehmedin Trabzonu fəthi ərəfəsində Uzun Həsənlə olan münasibətlərini təhlil edərək belə bir nəticəyə gəlir ki, nə Uzun Həsən Fatehi Trabzon fəthindən çəkindirmək üçün qəti bir təşəbbüsdə olmuş, nə də Fateh onu bitərəf etməyə çalışmışdı. Üstünlüyün Fateh tərəfində qaldığı və Uzun Həsənin “şəfaət” diləməsi barədə Osmanlı rəvayəti qəbul oluna bilməz. Çünki, Fateh bütün Trabzon səfəri boyunca Uzun Həsəndən çəkinmiş və onun arxadan edəcəyi hücumdan ehtiyat etmişdi. İbn Kamalın çox gözəl bildirdiyi kimi Sultanın Saray Xatunu özü ilə götürməsi bunu sübut edir.

Ərzincandan Trabzona yürüş zamanı Sultan II Mehmedi müşaiyyət edən Saray Xatun oğlu Uzun Həsənin ikinci tapşırığını da yerinə yetirməyə - Sultanı Trabzonu fəth etməkdən çəkindirməyə çalışdı. Ara verməyən yağışlar nəticəsində çətin keçilən Trabzon yürüşü zamanı Saray Xatunun inadkarlığı bəzən Sultanı qeyzləndirirdi. Lakin II Mehmedi fikrindən daşındırmaq mümkün olmadı. Belə olduqda, Saray Xatun Trabzon torpaqlarının gəlini Dəspinə Xatuna məxsus olduğunu bildirdi və ağqoyunluların bu əraziyə qanuni varislik hüququnu irəli sürdü. Bütün bunlara baxmayaraq qurudan və dənizdən birgə hücum nəticəsində 1461-ci il oktyabrın 26-da Trabzon ələ keçrildi.

Yeri gəlmişkən, Oğuz elinin qədim dövlətçilik ənənələrinə və humanizm fəlsəfəsinə dərin bələd olan Saray Xatunun diplomatiyası nahaq qan tökülməsi əleyhinə idi, dövlətlər və xalqlar arasında sülh və qarşılıqlı anlaşma münasibətlərinə üstünlük verirdi. Bu baxımdan təsadüfü deyil ki, o, Sultan II Mehmedin Trabzonu hücumla almaq niyyətindən dönmədiyini görüncə şəhərə yaxınlaşmaqda olan türk qoşunlarının ordugahından dəfələrlə imperator Davidə məktublar yazıb müqavimət göstərməyin faydasız olduğunu bildirdi və qan tökülmədən təslim olmasını təklif etdi. O, Trabzon imperatoruna vəd verdi ki, bu təklifi qəbul edərsə onun özünün və imperator ailəsinin toxunulmazlığı təmin olunacaqdı. Trabzonun təslim olmasından sonra Azərbaycan diplomatı vədinə sadiq qalaraq imperator ailəsinin toxunulmazlığını təmin etdi. Saray Xatun Trabzonda qaldığı müddətdə öz ölkəsinin elçisi kimi daha bir diplomatik addım atdı. Gəlini Dəspinə xatunun varislik hüququndan istifadə edərək Trabzon xəzinəsini Osmanlı sultanı ilə böyüşdürərək Ağqoyunlu sarayına zəngin sərvətlə qayıtdı.

İlk mənbələrdə Saray Xatunun sonralar da bir çox xarici ölkə diplomatları və hökmdarları ilə danışıqlar aparması barədə maraqlı məlumatlar vardır. Uzun Həsən 1465-ci ildə Gərgər qalasını kürdlərdən alaraq açarlarını Misir Məmlük sultanı Xoşqədəmə göndərmiş və əvəzində ondan Xarput şəhərilə yanaşı, 10 min dinar təzminat istəmişdi. Sultan Xoşqədəm osmanlılara qarşı önəmli bir müttəfiqi olan Ağqoyunlu dövlətini itirməmək üçün bu təklifi istəmədiyi halda olsa da belə, qəbul etməli olmuşdu. Uzun Həsənin Xarput şəhərini ələ keçirərək Malatya və Əlbistanı mühasirəyə alması Misir Məmlük sultanını narahat etsə də, osmanlıların Zülqədər torpaqlarına hücumlarının başlanması nəticəsində o, Uzun Həsənlə əlaqələrini gücləndirmək məcburiyyətində qaldı. Belə bir vəziyyətdə, Əbubəkr Tehraninin yazdığına görə, Saray Xatun 1466-cı ilin əvvəlində Qahirəyə gedərək ağqoyunlularla məmlüklər arasındakı münasibətləri möhkəmləndirmək və tərəflər arasında yaranmış olan anlaşılmazlığı aradan qaldırmaq üçün özünün bütün diplomatik bacarığından istifadə edərək Sultan Xoşqədəmlə danışıqlar aparmışdı.

1468-ci ildən Uzun Həsənin Azərbaycanda və Şimali-Qərbi İranda hakimiyyəti ələ alması Teymuri hökmdarı Əbu Səidi narahat etmişdi. Teymuri sultanı Cahanşahın oğlu Həsənəlini müdfiə etmək bəhanəsilə öz qüvvələrini Azərbaycana yeritdi. Uzun Həsən sultan Əbu Səidin böyük qüvvə ilə hərbi yürüş təşkil etdiyini xəbər alaraq onlarla vuruşmaq fikrindən çəkindi. O, məsələni münaqişəsiz həll etmək üçün diplomatik işlərdə şöhrət qazanmış olan anası Saray Xatunun başçılığı ilə Xorasanın Kalbun adlanan yerində qərarlaşmış sultan Əbu Səidin yanına bir elçi heyəti göndərdi və sülh təklif etdi. Ağqoyunlu elçiləri Əmir Teymur zamanından aralarındakı dostluğu xatırladaraq, yenə dostluq əlaqələrinin qalmasını arzu etdiklərini bildirdilər. Sultan Əbu Səid Uzun Həsənə tac, qızıl kəmərlə qılınc göndərdi, lakin hərbi yürüşü dayandırmadı. A.Bakıxanov yazır ki, mahir diplomat qadının səyləri Əbu Səidi öz cəhdlərindən çəkindirə bilmədi. Əbu Səidlə Miyanədə aparılan danışıqlar da bir nəticə vermədi. O, Uzun Həsənə göndərdiyi məktubunda yazırdı: “Teymur bütün ölkələri zəbt edib böldüyü zaman Təbriz taxtını böyük babam Miranşah Mirzəyə vermişdi. Tanrının yardımına sığınaraq Azərbaycan vilayətini zəbt edib babamın yurdunu əvvəlki üsul ilə taxt etmək üçün gəlmişəm... Teymur baban Osman bəyə Diyarbəkir vilayətini vermişsə.., mən sənə tanrının köməkliyi ilə Misir, Rum vilayətlərini alıb verərəm”. Ağqoyunlulardan gözlədiyi cavabı ala bilməməsi Teymuri sultanı üçün son nəticədə fəlakətlə nəticələndi. Uzun Həsən Mahmudabad döyüşündə Əbu Səidi məğlub edərək əsir almış və edam etdirmişdi.

Bütün bu məlumatlar bir daha təsdiq edir ki, Şərqin ilk diplomat qadını olan Saray Xatunun fəaliyyəti Azərbaycanın diplomatiya tarixində özünəməxsus yer tutur. Hər hansı bir xalqın diplomatiya tarixi, hər şeydən əvvəl həmin xalqın dövlət ənənələri tarixidir, onun siyasi varlıq tarixidir, müstəqillik tarixidir. Bu baxımdan, Saray Xatunun bir dövlət xadimi və diplomat kimi həyat yolu xalqımızın diplomatiya tarixinə şanlı səhifələr yazmış tarixi şəxsiyyətlərimizdən biri kimi tarixdə öz yerini əbədi olaraq yaşadacaqdır.

Mənbə və ədəbiyyat

  1. Sümer F.  Az tanınmış böyük türk hükümdarı Uzun Hasan bey.// Türk Dünyası Tarih Dergisi, Ankara, 1988, sayı 19, s. 14-20
  2. Mahmudlu Y.M. Sara Xatun. // Azərbaycan diplomatiyası, Bakı, 1993, s. 48-50
  3. Sümer F. Ak-Koyunlular. // Türk Dünyası Araştırmaları, sayı 40, İstanbul, 1986, s.1-38.
  4. Tehrani Ə. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə, ön söz, şərhlər və göstəricilərin müəllifi Rahilə Şükürova. Bakı, 1998
  5. Mahmudov Y.M. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Bakı, 1986
  6. John E Woods. Akkoyunlular: Aşiret, Konfederasyon, İmparatorluk. 300 Yıllık Türk İmparatorluğu. Türkçeye çeviren Sibel Özbudun, İstanbul, 1993
  7. Yınanç M.H. Cihan-Şah. // İslam Ansiklopedisi, c. III, İstanbul, 1943, s.173-189
  8. Nəcəfli T. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı, 2000
  9. Erşahin S. Akkoyunlular. Siyasal, Kültürel, Ekonomik ve Sosyal Tarih. Ankara, 2002
  10. Aşıqpaşaoğlu Tarihi. Hazırlayan A.N.Adsız, Ankara, 1985
  11. Reşat Ekrem. Osmanlı Müahideleri ve Kapitolsionlar. 1300/1920 ve Lozan Müahidesi. İstanbul, 1960
  12. Yücel Y. Fatehin Trabzonu fethi öncesinde Osmanlı-Trabzon-Akkoyunlu ilişkileri.//TTK, Belleten, sayı 194, Ankara, 1985
  13. Tehrani Ebubekr. Kitab-i Diyarbekiriya, (Akkoyunlu, Karaqoyunlu ve Cağatay dönemleri tarihi), çev. Mehmet Demirdağ, İstanbul, 1999
  14. Aka İ. Timur ve Devleti. Ankara, 1991
  15. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı, 1951

Müəllif: AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli.

Paylaş: