Yusif ibn Əbu Sac (?-928)
Yusif ibn Əbu Sac Azərbaycandakı Sacilər sülaləsi hakimləri içərisində ən görkəmlisi olub, uzun müddət hakimiyyətdə qalmışdır. Yusifin fəaliyyəti də sülalənin başqa hakimlərinə nisbətən çox maraqlı və mürəkkəbdir. Sacoğlu Yusifin gənclik illəri İslam dünyasının müqəddəs şəhəri olan Məkkədə keçib. Çünki atası Əbu Sac Divdad Təbərinin yazdığına görə, hələ h.242 (856) və ya h.244 (858)-cü illərdə xəlifə Mütəvəkkil tərəfindən Məkkə yolunun rəisi təyin edilmişdi. Göstərdiyi xidmətlərinə görə xəlifə h.251 (865)-ci ildə Əbu Sacı beş dəst fəxri libasla mükafatlandırmışdı. Yusif ibn Əbu Sacın qardaşı Məhəmməd ibn Əbu Sac Afşin 889-cı ildə xəlifə tərəfindən Azərbaycan və Ərməniyyənin valisi təyin edilmişdi. Lakin onun hakimiyyəti uzun sürmür. O, h.288 (900-901)-ci ildə Azərbaycanda yayılan taun xəstəliyindən ölür.
896-cı ildə qardaşların güclənməsindən istifadə edən xəlifə Sacoğlu Yusifi Samirə şəhərindəki türk qvardiyasının üsyanını yatırtmaq üçün Bağdada dəvət etdi. Öz soydaşlarına qarşı vuruşmaqdan imtina edən Sacoğlu Yusif Azərbaycandan Bağdada xəlifə Mötəzid üçün xərac aparan karvanın qarşısını kəsmiş, "Azərbaycanın varidatı Azərbaycanda qalmalıdır" prinsipi ilə davranaraq, bütün var-dövləti Marağadakı xəzinəyə təhvil vermişdi. Qardaşının ölümündən sonra h.288-ci ilin Ramazan ayında (901-ci ilin avqust ayında) Yusif kiçik bir qoşun dəstəsi ilə Azərbaycan ərazisinə, qardaşı oğlu Divdadın üzərinə hücum edir. Atasının bütün qoşunları Divdadın tərəfində olmasına baxmayaraq, Yusif onu məğlub edir. Divdadın qoşunları dağılır və Yusifin onunla qalmaq təklifini rədd edərək, kiçik bir dəstə ilə Bağdada gedir. Beləliklə, sülalə üzvləri arasında gedən mübarizədən sonra, Azərbaycan hakimliyinə Yusif ibn Əbu Sac keçir.
Yusif ibn Əbu Sac Azərbaycanda hakimiyyət başına keçdiyi zaman Ərməniyyə hakimi Sumbat hədiyyələr göndərərək ona tabe olduğunu bildirmişdi. İohannes Drasxanakertlinin yazdığına görə, Yusif də çar Sumbatı (890-914) özünə cəlb etməyə çalışırdı. Yusif Sumbatın yanına özünün suriyalı xristian katibini göndərib Ərməniyyədən toplanacaq dövlət vergisini onun öhdəsinə buraxmışdı. Bundan sonra özü Dvinə gəlmişdi. Yusif ilə Sumbat arasında razılıq və ittifaq yaranmışdı.
Azərbaycanda əmələ gələn Sacilər dövləti ilə Xilafət arasında yaranan münasibət diqqəti daha çox cəlb etməyə başladı. Şübhə yoxdur ki, belə bir müstəqil dövlətin yaranması Xilafətin mənafeyinə tamamilə zidd idi. Ona görə də xəlifə 305 (917)-ci ildə Yusif ibn Əbu Sac ilə müharibə etmək üçün o zaman tanınmış əmirlərdən Xaqan əl-Müflihi Azərbaycana göndərdi. Xaqan əl-Müflih hələ çoxdan Sacilərlə düşmən idi. O, 20 min nəfərlik qoşunla Azərbaycana hərəkət etmişdi. Lakin bu zaman Yusiflə xəlifə arasında razılıq əmələ gəldi. Xaqan əl-Müflih Bağdaddan Azərbaycana hərəkət etdikdən 6 gün sonra xəlifə Yusifi və onun katibi xristian Əli ibn Dülaylunu fəxri paltarla mükafatlandırmış, Yusifi yenidən Azərbaycana hakim təyin etmişdi.
Yusif xəlifədən Azərbaycan və Ərməniyyəni idarə etmək barədə razılıq aldıqdan sonra öz qoşunu ilə Dinavərdən Azərbaycana gəldi. Katolikos İohannes yazır ki, əmir Yusif xəlifəyə qarşı üsyan etdi və ona çox böyük ziyanlar vurdu. Xəlifə də əlində olan bütün ölkələri Yusifə qarşı qaldırdı. O, eyni zamanda Sumbata yazdı ki, qoşun toplayaraq Yusiflə müharibəyə başlasın. Bunun əvəzində isə xəlifə Ərməniyyədən bir il vergi almayacağını vəd etdi. Müəllif göstərir ki, Sumbat Yusiflə ittifaq bağlamasına baxmayaraq, xəlifənin əmrini rədd etmədi. Xəlifə nəzarət üçün Sumbatın yanına bir nəfər katib göndərmişdi. Sumbat qoşun toplayıb silahlandırdı və 1000 nəfərdən ibarət olan qabaqcıl dəstəni Yusifə qarşı döyüşə yola saldı. Lakin xəlifənin göndərdiyi katib Sumbatın yanından getdikdən sonra o, Yusifə məxfi məktub göndərib həmin dəstənin guya ona yardım etmək üçün göndərildiyini xəbər verdi. Yusif Sumbatın məktubunu oxuduqda xəlifəyə acığını gizlətdi, çünki xəlifə ikinci dəfə Yusifə öz mülklərini vermişdi. Yusif Azərbaycan və Ərməniyyədə yenidən hakimiyyətini bərpa etdi. Bundan sonra onun məmurları Ərməniyyəyə gəlib-getməyə başladılar. Yusif Xilafət tərəfindən Azərbaycan və Ərməniyyəyə hakim təsdiq olunduğu üçün bu ölkələrdən toplanan xərac vergisindən Xilafətin xəzinəsinə ildə 120 min dinar verməyi öhdəsinə götürmüşdü.
Bizi burada maraqlandıran məsələlərdən biri də Sacilər dövlətinin Ərməniyyə hakimlərinə qarşı yürütdüyü siyasət məsələsidir. İohannes Drasxanakertli Yusif ibn Əbu Sac ilə Ərməniyyə hakimləri arasında baş verən və onun özünün şahidi olduğu hadisələrdən bəhs edir. Onun verdiyi məlumatdan aydın olur ki, Dvin (Dəbil), Syuni, Vaspurakan və sair vilayətlərin hakimləri Yusifin dövlətinə tabe olmalarına baxmayaraq, əllərinə fürsət düşən kimi müstəqil olmağa çalışır, vergi və hədiyyə verməkdən imtina edirlər. Lakin Yusif bu vilayətlərə hücum etdiyi zaman göstərilən vilayətlərin hakimləri ona itaət edərək xidmət göstərir, vergi və hədiyyələr verirdilər.
Ərməniyyə hakimi Sumbat hələ Məhəmməd ibn Əbu Sac Divdad Afşinin hakimiyyəti dövründə Sacilərə qarşı ədavət bəsləyirdi. Hətta Məhəmməd ibn Əbu Sacın ölüm xəbərini eşitdiyi zaman qiymətli hədiyyələrlə xəlifənin yanına gedərək, ona itaət edəcəyini bildirmişdi. Bu xəbəri eşidən Yusif 907-ci ildə Ərməniyyəyə hücum etmişdi. Bu zaman Sumbat Abxaziya tərəfə çəkilmişdi. Yusif Syuni və Dvini tutduqdan sonra Sumbatı təqib edərək, Tiflisə getmiş, Kartlini dağıdıb, Kaxetiyaya gəlmişdi. Sumbat Ərməniyyəyə qayıtdığı üçün Yusif də onun dalınca Dvinə qayıtmışdı. 908-ci ilin əvvəlində Yusiflə Sumbat arasında Niğ nahiyəsində baş verən vuruşmada Sumbatın qoşunları məğlub olmuş, onun oğlu Muşeq Yusifin qoşunları tərəfindən əsir alınaraq Dvinə aparılmış və orada zəhərlənmişdi. Bu vuruşmada məğlubiyyətə uğrayan Sumbat Arsruni vilayətində olan Kapuit qalasına qaçmış və orada Yusifə təslim olmuşdu. 915-ci ildə Yusif Sumbatı edam etmişdi. Sumbatın yerinə isə oğlu Aşot keçmişdi. Vardan belə yazır: “Yusif əmr etdi ki, Dvində olan çar Sumbatı xristian olduğu üçün boğsunlar və dar ağacından assınlar. Onun əmri ilə Sumbatın oğlu Muşeq də zəhərləndi, əziyyətlə öldü, onu Bağravanda atası ilə dəfn etdilər”. Gəncəli Kirakos yazır ki, Yusif çar Sumbatı Dvində öldürüb Arsruni sülaləsindən olan Derenekin oğlu Qagiki çar etdi.
Beləliklə, Yusif Baqratuni sülaləsi ilə Arsruni sülaləsi arasında olan ədavətdən istifadə etmişdi. İbn Havqəl yazır ki, Əbülqasim Yusif ibn Əbu Sac Sumbatı (890-914) hakimiyyətdən kənar etdi, onun torpaqlarını tutdu. Sacilər dövlətinin Arran vilayətini Azərbaycanın cənub vilayətləri nə birləşdirməsi haqqında geniş məlumat yoxdur, lakin alban tarixçisi Moisey Kalankaytuklu Ərməniyyə, Arran, Vaspurakan və Syuni vilayətlərinin Sacilər tərəfindən tutulması haqqında maraqlı məlumat verir.
İlk mənbələrin verdiyi məlumata görə, Yusifin hakimiyyəti dövründə Sacilər dövlətinin şimal sərhədləri Dərbəndə qədər uzanırdı. IX əsrin axırları və X əsrin əvvəllərində, Sacilərin hakimiyyəti dövründə, Şirvanda dövlət quran Məzyədilərin Arranda olması haqqında heç bir məlumata təsadüf edilmir. Beləliklə, müəyyən olur ki, Sacilər Arranı ələ keçirdikləri zaman Məzyədilər Arranı tərk edərək, tamamilə Şirvana çəkilmiş və orada möhkəmlənmişdilər. Lakin buna baxmayaraq, sonralar Şirvanşah Məzyədilər Sacilərin suverenliyini qəbul edərək, onlardan asılı olmuşdular. V.V.Batrold Sacilərin hakimiyyətinin Xəzər dənizi sahillərinə, xüsusilə Dərbəndə qədər olmasını təsdiq edir. Hilal əs-Sabi Yusif Dərbəndə gələrək onun yanında olmuş İbn Xamdunun sözlərinə əsaslanaraq yazır ki, Dərbənd şəhəri hasarının dəniz suları içərisində olan hissəsi dağılmışdı. Hasarın bu hissəsi limanı dənizdən 600 dirsək uzunluğunda xəzərlərin hücumundan mühafizə edirdi. Hasarın dağılan yerlərinin düzəldilməsi üçün 60000 dinar lazım gəldiyi müəyyən edildi. Yusif ibn Əbu Sac xəlifənin vəziri İbn əl-Furata müraciət edərək, Dərbənd hasarının dənizin içərisinə doğru uzanan hissəsini düzəltmək üçün lazım olan bu məbləğin verilməsini xahiş etdi. Vəzir ona göstərmişdi ki, Xosrov Ənuşirvan hasarı çəkdiyi zaman hər təsadüfə qarşı ehtiyat üçün yonulmuş və deşik açılmış daşları birləşdirməkdən ötrü dəmir qarmaqlar, qurğuşun və sairə şeylər hazırlanmışdır. Vəzir bu tikinti materialının basdırıldığı yeri də Yusifə yazmışdı. Yusif isə həmin ehtiyat edilən tikinti materiallarının yerini öyrəndiyinə görə, işin icra edilməsindən başqa nəzərdə tutulan qalan məxaric azalmışdı. Buradan aydın olur ki, Dərbənd Yusifin hakimiyyəti altına düşdüyü üçün bu böyük strateji əhəmiyyətə malik olan qalanı təmir etdirmiş və beləliklə də, Sacilər dövlətinin şimal sərhədlərini xəzərlərin ardı-arası kəsilməyən hücumlarından mühafizə etməyə çalışmışdır. Bütün bu göstərilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Yusifin hakimiyyəti dövründə Şirvanşah Məzyədilər Sacilər dövlətinin vassalı halına salınmış və bütün Azərbaycan torpaqları bu dövlətin hakimiyyəti altında birləşmişdi. Ona görə heç də təsadüfi deyildir ki, Yə`qubi 890-cı ildə yazdığı əsərində Bərdə, Beyləqan və sair Arran şəhərlərini, ümumiyyətlə Azərbaycan şəhərləri sırasında qeyd etmişdi.
Yusif ibn Əbu Sacın hakimiyyəti dövründə bir sıra hadisələr də baş vermişdi. Xüsusilə o zaman ruslar Xəzər dənizinə gəlmiş və sahilə çıxmağa təşəbbüs etmişdilər. Məs`udinin yazdığına görə, 914-cü ildə ruslar Xəzər dənizinə gəldikləri vaxt Azərbaycan, Arran, Beyləqan, Bərdə vilayəti, Deyləm, Cibəl və Təbəristan əhalisi sahil boyundan qaçmışdılar. Bu hadisələr İbn Əbu Sacın hakimiyyəti günlərində olmuşdu. Məs`udi öz əsərində bu məsələyə bir daha diqqət yetirərək göstərir ki, sahildən Ərdəbilə üç günlük yoldur. Ruslar İbn Əbu Sacın əmirlərindən biri ilə müharibə etdilər. Buradan belə bir nəticə çıxarmaq olar ki, ruslar Ərdəbilə hərəkət etmək istədikləri zaman Yusif ibn Əbu Sacın əmiri onlara müqavimət göstərmiş və ona görə də onlar sahildən üç günlük yolda olan Ərdəbil şəhərinə çata bilməmişlər. Yusifin hakimiyyəti dövründə Sacilər dövləti müstəqil olmasına baxmayaraq, Xilafətin xəzinəsinə xərac verirdi. İbn Miskəveyhin yazdığına görə, Azərbaycan hakimi Yusif ibn Əbu Sac Azərbaycan və Ərməniyyədə möhkəmlənmişdi. O, bu ölkələrin ictimai asayişini, təhlükəsizliyini, hərbi işləri, əhalidən xərac toplamaq işlərini, ictimai və dövlət malikanələrini idarə edərək, götürdüyü 120 min dinar məbləği hər il xəlifənin xəzinəsinə verirdi. Bu da xəlifənin vəziri İbn əl-Furatın işini yüngülləşdirirdi. Lakin 304 (916-917)-cü ildə vəziyyət dəyişdi. Vəzirliyə Əli ibn İsa təyin edildi. Yusif isə öhdəsinə götürdüyü məbləğin çox hissəsini xəlifənin xəzinəsinə verməkdən imtina etdi. İbn Miskəveyhin yazdığına görə, Yusifin pulu çoxaldı, özü də qüvvətləndi və Xilafətə tabe olmayaraq müstəqil olmağı qərara aldı.
O zaman Xilafətdə vəzirlər tez-tez dəyişirdi, Yusif ibn Əbu Sac da bundan istifadə edirdi. Əli ibn İsa həbs edilərək vəzirliyə yenə də İbn əl-Furat gətirildiyi zaman Yusif ibn Əbu Sac Əli ibn İsanın Xəlifə Müqtədirin adından ona fərman və bayraq göndərərək Qəzvin, Zəncan, Rey və Əbhər vilayətlərini idarə etməyi ona tapşırdığını bildirdi və tələsik bir halda bu vilayətlərə hücum etdi. Reyin hakimi Məhəmməd ibn Əli Sə`luk Yusifə qarşı müqavimət göstərmədən Xorasana qaçdı. Sə`luk bu vilayətləri Samanilər dövlətinin Xorasan hakimi adından idarə edirdi. Yusif Zəncan, Əbhər, Qəzvin və Rey vilayətlərini tutdu. Beləliklə, Yusifin hakimiyyəti altında olan ərazi daha da genişləndi. Rey vilayəti də Sacilər dövlətinə tabe edildi. Yusif ibn Əbu Sac xəlifə Müqtədirə yazdı ki, vəzir Əli ibn İsanın göndərdiyi bayraq və göstərişi ilə yuxarıda adları çəkilən vilayətləri tutmuş və Sə`luku oradan qovmuşdur. İbn Miskəveyhin yazdığına görə, xəlifə bu məsələnin doğru olmadığını vəziri İbn əl-Furatın vasitəsilə öyrəndi. Həbsdə olan keçmiş vəzir Əli ibn İsa Yusifə heç bir bayraq və fərman göndərmədiyini bildirdi. Bundan sonra xəlifə Müqtədir Yusiflə müharibə etmək üçün Xaqan əl-Müflihin komandanlığı altında Azərbaycana qoşun göndərdi. İbn Miskəveyhin yazdığına görə, xəlifə bu hərbi yürüş üçün külli miqdarda pul sərf etdi və Xaqan əl-Müflihə bir neçə başqa əmir də qoşdu. Bu qoşunlar Azərbaycana 305 (917-918)-ci ildə göndərilmişdi. Yusiflə Müflih arasında baş verən müharibədə Müflih məğlub olub qaçır. Yusif onun hərbi rəislərindən bir neçəsini əsir tutaraq Reyə aparır və orada xalq içərisində rüsvay edir. Müflih Bağdada qaçdığı zaman onun nəvəsi Munis sərhədən geri qayıdıb, Müflihin dağılan qoşun hissələrini toplayaraq, Yusiflə müharibəyə başlayır. Arib Kurtubinin yazdığına görə, 306 (918-919)-cı ildə Bağdaddan alınan xəbərə əsasən) Munis ilə Yusif arasında baş verən müharibədə Munis məğlub olur və onun qoşunları müharibə meydanından qaçır.
Azərbaycan hakimi Yusif Xilafətin göndərdiyi ordularla vuruşda iki dəfə qələbə çalmasına baxmayaraq, xəlifə ilə sülh sazişi yaratmağa çalışırdı. Yusif məktub yazaraq Müqtədirə bildirdi ki, Rey vilayəti ona verilsin. Bunun əvəzində isə Yusif Xərran və Rey vilayətlərindəki malikanələrdən əldə edilən mədaxil hesabına Xilafətin xəzinəsinə ildə yeddi yüz min dinar verəcəyini öhdəsinə götürdü. Bu vilayətləri idarə etmək, Əli (imam) nəslinə mənsub olanları (“əl- övliya”) saxlamaq üçün lazım olan məxaricin ödənilməsini də öz öhdəsinə götürdü. Lakin xəlifə Yusifin xahişini rədd edərək Rey vilayətini ona verməyəcəyini bildirdi. Yusif xəlifənin onunla razılaşmadığını eşitdikdə, təcili olaraq on gün içərisində əhalidən 304 (916-917)-cü ilin xərac vergisini topladı və bundan sonra Rey vilayətini tərk etdi. Xəlifə Rey, Qəzvin və Əbhər vilayətlərinə Vasif Bəktəmiri hakim təyin etdi. Yusif ibn Əbu Sac Reyi tərk etdikdən sonra onun hakimiyyəti altında yalnız Azərbaycan torpaqları qalmışdı. Burada da onun vəziyyəti yaxşı deyildi. Xəlifə istədiyi zaman onun üstünə qoşun göndərə bilərdi. Bütün bu vəziyyəti nəzərə alaraq Yusif Azərbaycan və Ərməniyyədəki hakimiyyətini möhkəmlətmək üçün xəlifə ilə razılaşıb, onun fərmanını almağa çalışırdı. Lakin xəlifənin vəziri Əl-Furat Yusifin Azərbaycandakı hakimliyini təsdiq etmək üçün fərman verilməsi tərəfdarı olduğu halda, hacib Nəsr və İbn əl-Xəvari onun əleyhinə oldular. Ona görə də xəlifə Müqtədir bu işə razılıq verməyib Munisə yazdı ki, Yusiflə müharibəni sürətləndirsin. Digər tərəfdən, Yusif vəziyyətin ağır olduğunu görüb, Azərbaycandan topladığı seçmə qoşunla müharibəyə başlayır. Bu müharibədə Munis məğlub olub, 300 nəfərlə Zəncana qaçır. Xəlifənin sərkərdələrindən Sima əl-Büveyhi ölür və Hilal ibn Bərdir əsir düşərək Yusif tərəfindən biabırcasına Ərdəbilə aparılır.
Munis Zəncana qaçdıqdan sonra vaxt qazanmaq, yeni qüvvə toplamaq və Bağdaddan hərbi qüvvə almaq üçün Yusiflə məktublaşmağa başlayır. Yusif ona barışıq təklif edir. Munis, Yusiflə yenidən müharibə etmək üçün bu yolla əldə edilən vaxtdan istifadə edir və müharibəyə hazırlaşır. 307 (919)-ci ildə xəlifə, Abdullah ibn Həmdanı Yusifə qarşı müharibə etmək üçün Munisin köməyinə göndərir. Xəlifənin qoşunları ilə Yusifin qoşunları arasında Ərdəbildə müharibə başlayır. Döyüşlərin birində Yusif yaralanır və əsir düşür. Əsir düşən Yusif sonra Ərdəbildən Bağdada gətirilir. İlk mənbələrin yazdığına görə, Azərbaycan hakimi İbn Əbu Sac 307-ci ilin məhərrəm ayında (919-cu ilin iyun ayı) əcayib bir vəziyyətə salınmış halda, dəvə üstündə Bağdada aparılır. Müqtədir Yusifin öz sarayındakı zindanda saxlanması haqqında əmr verir. Xəlifə Müqtədir Rey şəhərini Samanilərdən geri aldığına, yerli feodalların və əhalinin üsyanlarını yatırtdığına, habelə Azərbaycanın tabe olmayan hakimi Yusif ibn Əbu Sacın qoşunlarını məğlub edərək, özünü əsir tutub Bağdada göndərdiyinə görə Xilafət ordularına komandanlıq edən Munisi fəxri paltar və kəmərlə mükafatlandırır. Yusifə qarşı müharibədə iştirak edən hərbi rəislərin və əsgərlərin maaşlarını ayda yarım dinar artırır.
Bütün bu hadisələr göstərir ki, Xilafət Azərbaycan məsələsinə, Yusifin buradakı müstəqil dövlətinə çox əhəmiyyət verirdi. Demək olar ki, Azərbaycanda müstəqil dövlətin yaranması Bağdadda daim narazılıq və iğtişaş törədirdi. Azərbaycanın müstəqil olması nəinki xəlifənin xəzinəsinin illik gəlirini azı 120 min dinar azaldırdı, eyni zamanda, Xilafətin siyasi gücünü zəiflədirdi. Azərbaycanın müstəqil olması Şərq vilayətlərinin, xüsusilə Xorasan, Rey və başqa vilayətlərin də tamamilə əldən getməsinə səbəb ola bilərdi. Ona görə də Xilafət Azərbaycanı var gücü ilə əldə saxlamağa çalışırdı. Qeyd etmək lazımdır ki, Artıq o zaman Xilafət zəiflədiyi üçün Azərbaycanı işğal altında saxlamaq çox çətin idi.
Munis Yusif ibn Əbu Sac üzərində qələbə çaldıqdan sonra Zəncan, Qəzvin və Rey vilayətlərinə Əli ibn Vəhsudanı, İsfahan, Qum, Kaşan və Savə vilayətlərinə Əhməd ibn Əlini hakim təyin edərək Azərbaycandan getmişdi. Beləliklə, xəlifə ordularının sərkərdəsi Munis Şərq vilayətlərində qalxan xalq üsyanlarını və yerli feodallarının müstəqil olmaq uğrunda apardıqları mübarizəni yatırdaraq, böyük bir təntənə ilə Bağdada qayıtdı.
İlk mənbələrin verdiyi məlumata görə, Yusif Ərdəbil müharibəsində əsir düşüb Bağdada aparıldığı zaman onun əmirlərindən biri olan Subuk qaçıb Munisin əlindən yaxa qurtarmışdı. Hətta qoşunların əksəriyyəti də Subuk ilə bərabər qaça bilmişdi. Yusifin xəzinəsi də Subukun yanında idi. Munis Subuku ələ gətirmək məqsədilə əsir düşmüş Yusifi məcbur etmişdi ki, öz sərkərdəsi Subuku məktub vasitəsilə yanına çağırsın. Subuk isə cavab vermişdi ki, Yusifin məsələsi Xilafət tərəfindən aydın olmayıncaya qədər Munisin yanına gedə bilməz. Əgər Yusifin məsələsi yaxşı həll edilərsə, yalnız o zaman gələ bilər.
Subuku hiylə yolu ilə keçirə bilməyən Munis Ərməniyyə hakim təyin etdiyi Məhəmməd ibn Abdullah əl-Fariqini onun üzərinə göndərmişdi. Fariqi Azərbaycana hücum edərək Subuk ilə müharibəyə girmişdi. Lakin döyüşlərin birində Subuk qələbə çalmış, Fariqini qaçmağa vadar etmişdi. Fariqi qaçıb Bağdada getdikdən sonra Subuk Azərbaycanda möhkəmlənmiş və hakimiyyəti ələ almışdı.
Subuk xəlifə tərəfindən Azərbaycanda öz hakimiyyətini təsdiq etdirməyə çalışırdı. O, xəlifəyə müraciət edərək bildirmişdi ki, əgər onun xahişi yerinə yetirilərsə, xəlifənin xəzinəsinə ildə iki yüz iyirmi min dinar pul verəcəkdir. Xəlifə Subukun xahişini yerinə yetirərək, ona fərman və fəxri paltar göndərdi. Xilafət Azərbaycanı artıq öz hakimiyyəti altında saxlamaq iqtidarına malik deyildi. Lakin hadisələr xəlifənin gözlədiyi kimi inkişaf etmədi. Subuk öz vədinə əməl etməyərək, göstərilən pulu xəlifənin xəzinəsinə göndərmədi. Beləliklə, onların arasındakı şərt pozuldu. Xəlifə Müqtədir Billahın Subukdan ümidi kəsildikdən sonra Azərbaycanı öz himayəsi altında saxlamaq məqsədilə Yusifi həbsdən azad edib, Azərbaycana göndərməyi qərara aldı. Qeyd etmək lazımdır ki, hələ Yusifin Reydəki hərəkətlərinə görə xəlifənin sarayına bərk çaxnaşma düşmüşdü. Vəzir İbn əl-Furat Yusifin Reydən xərac vergilərini toplayaraq xəzinəyə vermədiyini bəhanə edib, qoşun hissələrinin maaşını verməmişdi, ona görə də hərbi hissələr arasında üsyan qalxmışdı. Bütün bunlara görə İbn əl-Furat vəzirlikdən kənar edilmişdi.
İohannesə görə, Yusifin həbsdən azad edilərək yenidən Azərbaycana göndərilməsinə xəlifənin əmirlərindən Munis (Monos) kömək etmişdi. O göstərir ki, Yusif istedadlı, cəngavər, alicənab, ona tabe olanlara çox həssas və tutduğu işindən geri çəkilməyən bir şəxs idi. Munis Yusifi öz tərəfinə çəkmək məqsədilə xəlifəni razı salmış və onu azad edərək, qoşunla bərabər öz yerinə göndərmişdi.
İbn Miskəveyh yazır ki, 310 (922)-cu ildə xəlifə Müqtədir Yusif ibn Əbu Sacı Azərbaycana göndərmək məqsədilə həbsdən azad edərək qəbuluna çağırır, ona hədiyyə olaraq fəxri paltar, pul, qızıl yəhər, at və sair qiymətli şeylər verir. Bundan bir neçə gün sonra Yusifin şərəfinə sarayda böyük bir ziyafət təşkil edildi. Bütün bu təntənəli qəbul və rəsmiyyətdən sonra xəlifə Yusifi Azərbaycan, Ərməniyyə, Rey, Qəzvin, Əbhər və Zəncan vilayətlərinin hakimi təyin edir. Müqtədir bu vilayətlərin ictimai təhlükəsizliyini, ibadətgahların idarə olunmasını, xərac vergisinin toplanmasını, dövlət və ictimai malikanələrinin idarə olunmasını Yusifə tapşırır. Bütün bunların əvəzində Yusif bu vilayətlərdən topladığı xərac vergisindən Xilafətin xəzinəsinə ildə beş yüz min dinar verməli idi. Bundan başqa, bu vilayətlərdə saxlanılan qoşunların xərcini, habelə təsdiq edilmiş digər mühüm məxarici ödəməli idi. Xəlifə onunla razılığa gəldikdən sonra Yusif Mosul yolu ilə Ərdəbilə gəlmişdi. İbn əl-Əsirin qeyd etdiyinə görə, Yusif Ərdəbilə gəldiyi zaman, artıq onun keçmiş sərkərdəsi və Azərbaycan hakimi Subuk ölmüşdü.
Yusif Azərbaycana gələrək, Məhəmməd ibn Xələf ən-Nirmanını özünə katib təyin etmiş və bir sıra başqa tədbirlər görmüşdü. Bundan başqa, Ərməniyyə hakimlərini tabe etmək, oradan vergi və hədiyyələri toplamaq üçün də müəyyən tədbirlər gördü. Ərməniyyə hakimlərindən Aşot dövlət vergilərini ikiqat verdi və hədiyyələr göndərdi. Qalan vergiləri də ödəməyə söz verib, azatlardan bir neçəsini girov qoydu. Lakin Vaspurakan hakimi Qaçik Yusifin gəldiyini eşidərək, qalalarını möhkəmlədib, ona müqavimət göstərməyi qərara aldı. Yusif isə ondan iki ilin vergisini və hədiyyələr verməyi tələb edirdi. Bundan başqa, onu bütün Ərməniyyənin hakimi elan edərək, başına tac qoymağı vəd etdi. İohannesin fikrinə görə, Qaçik qan tökməmək üçün Yusiflə razılaşdı, çünki bu, Qaçik üçün ölüm demək olardı. Ona görə də dövlət vergilərini iki-üç qat verməyi öhdəsinə götürdü, gümüş-qızıl topladı, vergi və hədiyyələri göndərdi. Müəllif sözünə davam edərək göstərir ki, Yusif Atropatakana (Azərbaycan) və Albaniyaya (Arrana) hakimlər təyin edərək, Reyə getməyə hazırlaşdı. Ərməniyyəyə təyin etdiyi Nəsir adlı hakim Azərbaycanda baş verən üsyanı yatırtmaq üçün çağırıldığı zaman onun yerinə Bəşir adlı birisi hakim təyin olunur. Bəşir Sisakandan keçərək Göyçə gölündəki adada oturan Ərməniyyə hakimi Qaçikin üzərinə hərəkət etdi. O, Ərməniyyə hakimlərindən çoxlu hədiyyələr aldı.
Yusif Azərbaycan və Ərməniyyədə öz dövlətini möhkəmlədərək 311 (923- 924)-ci ildə Reyə hücum etmişdi. O, Reyi tutmuş, burada müstəqil olmağa çalışan Əhməd ibn Əlini məğlub edərək, onu öldürmüş və başını Bağdada göndərmişdi. Bundan sonra Yusif Müflihi Reyə hakim təyin edərək, 313 (925-926)-cü ilin əvvəllərində Həmədana getmişdi. Lakin Yusif Həmədana getdikdən sonra Rey əhalisi Müflihi şəhərdən qovmuşdu. Müflih Həmədana gedib, bu xəbəri Yusifə yetirmiş və o, yenidən Reyə qayıdaraq, 925-ci ilin iyun ayında Reyi tutmuş və öz hakimiyyəti altına almışdı. Beləliklə, Sacilərin cənub və cənub-şərq sərhədləri müəyyənləşmişdi.
Qeyd etmək lazımdır ki, Yusif ibn Əbu Sacın Azərbaycanda hakimiyyəti, müstəqil olmaq meylləri, Rey vilayətini tutaraq özünə tabe etməsi və sair həmişə Bağdadda xəlifənin sarayında böyük çəkişməyə, iğtişaşa, narazılıq və narahatlığa səbəb olurdu. Bəzi hallarda vəzirlər Yusif haqqında şayiələr yayıb çaxnaşma salırdılar. Yusifin Xilafətin bütün Şərq vilayətlərini, yəni Azərbaycan, Ərməniyyə, Həmədan, Rey, Deyləm vilayətlərini ələ keçirib hökmdarlıq etməsi barədə söz-söhbət yaradırdılar. Məlum olduğu kimi, bir sıra Şərq vilayətləri, o cümlədən Orta Asiya, Xorasan və İranın şərq vilayətləri Xilafətin əlindən çıxmış və bu vilayətlərdə Samanilərin dövləti qurulmuşdu. Xilafət Azərbaycan, Ərməniyyə və İranın qərb vilayətlərinin də tamamilə müstəqil olmasından qorxaraq, hər cür fitnə və təcavüzkarlıq siyasətinə əl atırdı. Bəzi hallarda Yusifin qoşunları üçün ayrılmış məxarici vermirdilər. Xəlifənin vəzirləri və saray hacibi Nasir Yusif ilə açıqdan-açığa düşmənçilik edirdilər. Bütün bunlar Yusifin Azərbaycanda müstəqil hakimiyyətinə mane olurdu.
Yusif ibn Əbu Sac haqqında mövcud olan məlumatdan aydın olur ki, o, həqiqətən bacarıqlı bir sərkərdə idi. Şübhəsiz ki, xəlifə buna görə də Yusifə qarşı mürəkkəb siyasət yürüdürdü. Əhməd Kəsrəvi Təbrizi Yusif ibn Əbu Sac haqqında müxtəsər olaraq qeyd edir ki, “Yusif ibn Əbu Sac Azərbaycan və onun nahiyəsinin böyük və qüvvətli hökmdarlarından biri olmuşdur”.
Xəlifə ilə saziş yaratmasına baxmayaraq, Yusifin Azərbaycanda müstəqil olması Bağdadda xəlifə sarayını təşvişə salırdı. Ona görə də 314 (926-927)-cü ildə xəlifə Müqtədir vəziri Əl-Xasibiyə əmr etmişdi ki, Yusifi Azərbaycandan Bağdada çağırsın və qərmətilərlə müharibəyə göndərsin. Azərbaycan hakiminin xəlifənin bu göstərişini qəbul edərək, öz qoşunu ilə Bağdada hərəkət etməsinin şübhəsiz ki, müəyyən səbəbləri var idi. Güman etmək olar ki, Yusif qərmətilər üzərində qələbə çaldıqdan sonra fürsətdən istifadə edərək, Bağdada - xəlifə üzərinə hücum etməyi qərara almış və bu məqsədlə də qərmətilər üzərinə hücum etməyə razı olmuşdu. Yusifin Bağdada yaxınlaşması sarayda narazılığa səbəb olduğuna görə, o, Bağdada çatmamış təcili olaraq Vasit şəhərinə göndərildi. Məs`udi yazır ki, Əbülqasim Yusif ibn Sac Vasitdən Əbu Tahir əl-Cənnabini qarşılamaq üçün çıxdı. Sultan (xəlifə) ona əmr etmişdi ki, idarə etdiyi əyalətləri buraxaraq, Vasitə gəlsin və burada qoşunları təşkil edib təcili surətdə Bəhreynə getsin. Yusifi cəlb etmək məqsədilə Həmədan, Savə, Qum, Bəsrə, Kufə vilayətlərinin gəlirinin onun qoşunlarının müharibə zamanı xərcini ödəmək üçün ayırdıqlarını xəbər verdilər. Yusif Vasit şəhərinə çatan zaman xəlifənin sərkərdəsi Munis Bağdada qayıtdı və qərmətilərin üzərinə hücum etməyi Yusifə tapşırdı. Yusif öz qoşunları ilə Bəhreyndə qərmətilərin başçısı Əbu Tahir Cənnabinin üzərinə hücum etməli idi.
İbn Miskəveyh baş verən müharibənin gedişini müfəssəl surətdə belə təsvir edir: “927-ci il dekabr ayının 27-də Kufə şəhərinin qarşısında Yusifin qoşunları ilə Əbu Tahir əl-Cənnabinin qoşunları arasında müharibə başlamışdı. Yusif döyüşün əvvəlində qərmətilərin gücünə əhəmiyyət vermədi. Döyüşlər səhərdən başlayaraq axşama qədər davam etdi. Yusifin qoşunları bütün günü ox atışması ilə qərmətilərə çox tələfat versə də, axşama yaxın Yusif yaralandı və əsir düşərək, Əbu Tahirin əlinə keçdi. Yusif həbs olunduğu çadırdan çıxıb döyüşlərin nə cür getməsini seyr etdiyi zaman, Əbu Tahir onun qaçmaq istədiyini zənn edərək öldürülməsini əmr etdi. Əbu Tahirin qarşısında Yusifin başını kəsdilər. Yusifin qoşunları məğlubiyyətə uğrayıb çox tələfat verdi və əsir düşdü. Bu qələbədən sonra Əbu Tahir hətta tələsik Bağdad üzərinə hücum etməyə çalışdı”.
A.Müller qərmətilərlə Yusif ibn Əbu Sac arasında baş verən müharibəni təsvir edərək yazır ki, Yusifin hücumu zamanı onun qoşunlarının sayca iki dəfə artıq olmasına baxmayaraq, qərmətilər tərəfindən məğlub edildi. Bundan sonra Əbu Tahir Ambarı qarət etdi, Fərat çayını keçərək Bağdad şəhəri üzərinə hücuma keçdi. Munis 40 min nəfərlik qoşun toplayıb Bağdadı müdafiəyə başladı. Lakin bu qoşun Yusifə nəcat vermədi. Qərmətilər onu öldürdülər. Yusif 927-ci ildə qərmətilər tərəfindən öldürüldükdən sonra, 928-ci ilin fevral ayında onun qardaşı oğlu Əbül Müsafir Fəth ibn Məhəmməd Azərbaycanda hakimiyyət başına keçir.
Ədəbiyyat: