AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Kiaksar (e.ə. 625-e.ə.584)

Kiaksar (e.ə. 625-e.ə.584)

Esxil tərəfindən "Asiya üzərində hökmranlığın banisi" adlandırılmış Mada tarixində ilk nizami ordunu yaradan, Madanın üçüncü və ən qüdrətli hökmdarı.

Mada (antik müəlliflərin əsərlərində Maidiya) hökmdarı Fravartişin (hərfən: “birinci”; Herodot onu Fraort adlandırır) oğlu, Madanın üçüncü və ən qüdrətli hökmdarı Kiaksarın hakimiyyəti dövründə Mada Şərqin ən güclü dövlətinə çevrilmişdir. E.ə. 519-cü ilə aid Bisütun qayasına həkk olunmuş yazıda onun adı Uvaxştra (və ya Uvaxşatra) formasında xatırlanır. Kiaksarın simasında Mada taxtına çox qabiliyyətli şəxsiyyətin çıxdığı şübhəsiz idi. Tamamilə əlverişli olmayan şəraitdə hakimiyyətə gəlmiş Kiaksar dərhal Mada qoşununun yenidən təşkil edilməsi ilə məşğul oldu və Mada tarixində ilk nizami ordunu yaratdı.

VII əsrin 30-20-ci illərində beynəlxalq şərait Aşşur dövlətinin mənafelərinin əksinə olaraq əhəmiyyətli dərəcədə dəyişdi. Vəziyyət getdikcə gərginləşirdi. Babilistanın hökmdarı Nabupalasar yaranmış şəraitdən istifadə etmək qərarına gəldi. Babil qoşunu şimal istiqamətində irəliləməyə başladı. 616-cı ildə Nabupalasar aşşurluları güclü məğlubiyyətə uğratdı. "Gedd xronikası"nda deyilir ki, Nabupalasar "asşurlulardan böyük qənimət ələ keçirdi, onların köməyinə gəlmiş mannalı əyanları ələ keçirildilər".

Madalılar babillilərin müttəfiqləri oldular. 616-cı ildə Kiaksar Aşşura qarşı açıq çıxış edərək Arrapha vilayətini, sonra isə Aşşur şəhərini ələ keçirdi. İki müttəfiq - Nabupalasar və Kiaksar Aşşurun xarabalıqlarında görüşdülər və “Gedd xronikası”nda deyildiyi kimi, öz aralarında “dostluq və ittifaq bağladılar”.

Tezliklə müttəfiqlər qəti tədbirlərə keçdilər və 612-ci ildə Nenəvanı ələ keçirərək onu "təpələrə və xarabalıqlara çevirdilər". Peyğəmbər Naum şəhərin qəti hücuma məruz qalmasının, ələ keçirilməsinin, talan olunmasının və dəhşətli taleyinin sarsıdıcı mənzərəsini vermişdir. "Ulu şəhər", "üçgünlük piyada gedişlə qət olunan şəhər"...süquta uğradı. "Şirlər yatağı" olan "azğın" Nenəvanın məhv olması münasibətilə xalqların sevinci həqiqətən sonsuz idi.

610-cu ildə müttəfiqlər Harranı ələ keçirdilər, 605-ci ildə isə babillilər Misir-Aşşur qoşunlarının son istinad məntəqəsi olan Karxemişə sahib oldular. Uzun zaman ərzində Qədim Şərqin xalqlarını qarət və məhv etmiş hərbi-quldarlıq dövləti dağıdıldı. Aşşur üzərində qazanılmış qələbənin nəticəsində Mada Ön Asiyanın böyük dövlətinə çevrildi.

E.ə. VIII əsrin sonu - VI əsrin başlanğıcında madalılar Mannanı, Urartunu və Skif çarlığını özlərinə tabe etdilər. Lakin həmin siyasi qurumlar müəyyən zaman ərzində özünü idarə edir, madalıların "kiçik" müttəfiqləri vəziyyətində çıxış edirdilər. Onlar 90-cı illərin sonlarınadək bu rolu oynamaqda davam etdilər. Manna sonuncu dəfə 593-cü ildə peyğəmbər Yeremiya tərəfindən Tövratda xatırlanmışdır.

Lidiya ilə müharibə ərəfəsində (e.ə. 590-cı ildə) adları çəkilmiş üç siyasi qurumun özünüidarəsinə son qoyuldu və Mada Cənubi Azərbaycanın, Urartunun və Skif çarlığının torpaqlarının tam hüquqlu sahibinə çevrildi. Mannanın işğalı Mada dövlətinin bütün iqtisadiyyatının yüksəlişində mühüm əhəmiyyətə malik idi. İnkişaf etmiş kənd təsərrüfatına, sənətkarlığa və şəhər həyatına malik olan Mannanın ələ keçirilməsi madalılar üçün nisbətən qabaqcıl quldarlıq münasibətlərinə uyğunlaşmaq və bağlanmaq prosesində mühüm əhəmiyyət kəsb edirdi. Hətta tabe olunmuş Manna Mada imperiyasının mədəni-iqtisadi mərkəzi olaraq qalırdı.

Mada işğalı Mannanın özü üçün yalnız bir neçə əsr ərzində yerli dövlətçiliyin mövcudluğuna son qoyulması ilə deyil, həm də ölkənin etnik görkəminin dəyişməsi ilə həlledici rola malik idi. Bu zamandan başlayaraq intensiv etnik proseslərin nəticəsində yerli tayfalar tədricən Mada dilinin ləhcələrini qəbul edərək madalaşmağa, "madalılar" adlanmağa başladılar, Madanın bir hissəsinə çevrilmiş Mannanın özü isə "Kiçik Mada" adlanmağa başladı.

Kiaksar qərbdə Halis (müasir Qızıl İrmaq) çayınadək uzanan zəngin Lidiyanı və yunan ticarət şəhərlərini öz dövlətinə birləşdirməyə cəhd etdi. Lidiya ilə müharibə e.ə. 590-cı ildə başlandı. E.ə. 585-ci il mayın 28-də döyüş zamanı günəş tutulması hadisəsi baş verdi və bu hadisə döyüşən rəqiblər tərəfindən pis əlamət kimi qəbul edildi. Müharibə dayandırıldı. Sülh müqaviləsinə əsasən, Mada ilə Lidiya arasındakı sərhəd Halis çayı üzrə müəyyənləşdirildi.

Lidiya ilə müharibənin başa çatdığı ildə qədim dünyanın böyük dövlət xadimlərindən biri, Esxil tərəfindən "Asiya üzərində hökmranlığın banisi" adlandırılmış Uvaxşatra (Kiaksar) vəfat etdi. Onun yaratdığı dövlətin ərazisi böyük idi. Bu dövlət Mada çarlığından başqa Manna, Skif çarlığı, Urartu torpaqlarını, "Siro-Mada" adlanan ərazini (keçmiş Aşşur vilayətləri olmuş Zamuanı, Parsuanı, Kişessunu, Xarxarı və b.) əsil Aşşur torpaqlarını (Ksenofontdan məlum olduğu kimi), Hirkaniya və Parfiya ilə birlikdə İranın bütün şərq qismi (bu isə yunan ənənəsindən irəli gəlir) özündə ehtiva edirdi.

Madalılar Kiaksarın böyük işğalçılıq müharibələri zamanından etibarən Şərqin qədim mədəniyyətləri ilə təmasda oldular və uzunmüddətli olmasa da, hər halda Ön Asiyanın ən mühüm qüvvəsinə çevrildilər.

Ədəbiyyat:

  1. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Bakı. "Elm". 2007. 520 səh. + 40 səh. illüstrasiya.
  2. Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərnəşr. 1994, 248 səh.
Paylaş: