AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

İranzu  (e.ə. 740-e.ə. 719)

İranzu  (e.ə. 740-e.ə. 719)

Manna hökmdarı

 E.ə.IX əsrdən Manna dövləti Urmiya ətrafı əraziləri birləşdirərək, Ön Asiyanın qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Dövlət ayrı-ayrı vilayətlərə bölündü. Arxeoloji qazıntılar göstərir ki, Mannada sosial-iqtisadi həyat, sənətkarlıq, incəsənət və mənəvi mədəniyyət yüksək inkişaf səviyyəsinə çatmışdır.

İranzunun hakimiyyəti illərində Manna özünün ən yüksək, çiçəklənmə dövrünə çatdı və Qədim Şərqin qüdrətli dövlətlərindən birinə çevrildi. İranzunun hakimiyyəti illərində Aşşur hökmdarları Manna dövlətinin ərazilərinə hücum etmirdilər. İranzunun şahlığının sonlarına yaxın onun hakimiyyəti bir qədər zəiflədi. Manna şəhərlərindən Şuandahul və Durdukka, eləcə də Zikirtu vilayəti ona qarşı üsyan etdilər. O zaman İranzu Aşşur dövlətinin ali hakimiyyətini tanımaq məcburiyyətində qaldı. Aşşur hökmdarı II Sarqonun qoşunlarının köməkliyi ilə həmin üsyan e.ə. 719-cu ildə yatırıldı. Dur-Şarukkin (indiki Xorsabad kəndinin ərazisində) sarayının II zalının divar yazılarında bu hadisələr haqqında deyilir: “...Hakimiyyətimin [üçüncü ilində] möhkəmləndirilmiş şəhərlər Şuandahul və Durdukka öz ağaları, mənim boyunduruğumu daşıyan hökmdar mannalı İranzunun əleyhinə üsyan qaldırmaq fikrinə düşdülər və zikirtalı Mitattiyə arxalandılar. Zikirtalı Mitatti öz döyüşçüləri və atçıları ilə onlara kömək etdi. Mən ilahi Aşşurun saysız-hesabsız qoşununu qaldırdım və bu şəhərləri fəth etmək üçün yürüş etdim; güclü kürşatma alətləri ilə onların möhkəm divarlarını dağıdıb, yerlə yeksan etdim, əhalini əmlakı ilə birlikdə əsir apardım; bu şəhərləri söküb dağıtdım, od vurdum. Köklərini məhv edən, yaramaz məsləhət verən və Urartulu Ursa ilə razılaşmaya girişən Sukku, Bala və Abitikna (şəhərlərinin) əhalisini günah iş gördüklərinə görə öz yerlərindən qərbdəki Hatti ölkəsinə köçürdüm.”

 İranzunun ölümündən sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı və Manna şahlığı zəiflədi. Mannada hökmdarlıq təsisatı irsi idi, hakimiyyət atadan oğula keçirdi. Bir-birinin ardınca hökmdarlıq edən Aza və Ullusunu İranzunun oğulları idilər.

Ədəbiyyat:

  1. Solmaz Qaşqay. Manna dövləti. Bakı: Azərnəşr, 1993, 107 s.
Paylaş: