AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“RUSIYA İMPERİALİZMİ – YADDAŞ VƏ TARIX”

24.06.2025 11:09

Tarix və Etnologiya İnstitutunun əməkdaşı Krakovda keçirilən beynəlxalq konfransda çıxış edib

2025-ci il 12–13 iyun tarixlərində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi Polşanın Krakov şəhərində keçirilən “Rusiya imperializmi – yaddaş və tarix” adlı beynəlxalq elmi konfransda iştirak edib.

Tarix üzrə fəlsəfə doktoru Pərvin Ahənçi konfransda “İmperiya davamlılığı: Qarabağ və Ermənistandan azərbaycanlıların didərgin salınmasında Çar Rusiyası, Sovet və post-Sovet dövrləri siyasətinin irsi” mövzusunda elmi məruzə-təqdimatla ilə çıxış edib.

Təqdimatda Çar Rusiyası dövründən başlayaraq Sovet rejimi və post-Sovet mərhələsinə qədər Cənubi Qafqazda həyata keçirilən imperiya siyasətlərinin azərbaycanlı əhalinin məcburi köçkünlüyünə və etno-siyasi strukturun dəyişdirilməsinə necə təsir etdiyi araşdırılır. Tədqiqat Qarabağ və Ermənistan ərazisində azərbaycanlı icmaların məruz qaldığı tarixi-demoqrafik “mühəndisliyi”, Xocalı soyqırımı nümunəsində etnik təmizləmə və yaddaşın silinməsi siyasətlərini arxiv sənədləri, şifahi tarix materialları və yaddaş araşdırmaları vasitəsilə təhlil edib.

P. Ahənçi konfrans çərçivəsində regional yaddaş siyasəti, tarixi ədalət, muzeylərdə təmsiletmə və postmünaqişə cəmiyyətləri üzrə keçirilən müzakirələrdə də fəal iştirak etmiş, Azərbaycan alimlərinin baxışlarını beynəlxalq elmi auditoriyaya təqdim edib.

Konfrans, Polşanın Krakov şəhərində yerləşən Milli Təhsil Komissiyası Universitetinin təşkilatçılığı ilə keçirilib Tədbirdə Azərbaycan, Almaniya, Böyük Britaniya, Braziliya, Polşa, Litva, Ukrayna, Macarıstan, Çexiya, Gürcüstan, Rumıniya və Hindistan kimi ölkələri təmsil edən alimlər, tədqiqatçılar və ekspertlər iştirak edib.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: