XIII əsrin 20-ci və 30-cu illərində baş verən monqol yürüşləri bütün Cənubi Qafqazda olduğu kimi Azərbaycanda da bir çox sülalələrin hakimiyyətinə son qoydu. 1258-ci ildə Azərbaycan Hülakilər dövlətinin tərkibinə daxil edildi. Azərbaycanda və ona qonşu ərazilərdə Hülakülər dövlətini bir müddət Çobani feodalları idarə edirdi. Onlar hakimiyyətdə olsalar da, dövlət rəmzi sayılan sikkə zərbi-müstəqil şəkildə deyil, Hülakü şahzadələrinin adından həyata keçirilirdi. Yerli feodalların daxili çəkişmələri Şirvanşah I İbrahimin vahid Azərbaycan dövləti yaratmaq siyasətinə maneəçilik törətdi.