Azərbaycan Hülakular dövlətinin tənəzzülü dövründə (1316-1360-cı illər)
Müəllif | Vaqif Piriyev |
---|---|
Nəşr olunduğu il | 1978 |
Bölmə | tarix |
Səhifə sayı | 141 |
Dil | Azərbaycan türkcəsi |
Baxış sayı | 2277 |
Yükləmə sayı | 59 |
Azərbaycanın orta əsrlər tarixinin bir çox dövrləri indiyədək ətraflı öyrənilməmiş və tarixi ədəbiyyatda işıqlandırılmamışdır. Bunun əsas səbəblərindən biri orta əsrlərə aid yazılı ilk mənbələrin azlığıdır. Digər tərəfdən, Azərbaycan tarixinin bir sıra dövrləri həddən artıq dolaşıq olduğundan onların ümumi tarix baxımından öyrənilməsi çətinlik törədir və bu illəri ayrıca tədqiq etmək lazım gəlir. Belə dövrlərdən biri oxuculara təqdim olunan bu kitabın əhatə etdiyi 1316-1360-cı illərdir. Bu dövr, xüsusilə onun ikinci hissəsi (1336-1360-cı illər) Azərbaycan tarixində ən çətin dövrlərdən biri sayılır. Belə ki, qeyd olunan vaxtda Azərbaycanda və Yaxın Şərqin bir sıra ölkələrində mövcud olmuş Hülakular (Elxanilər) dövləti tənəzzülə uğramış, müxtəlif hissələrə parçalanmış və nəhayət, süqut etmişdir. Azərbaycan ərazisi hakimiyyət uğrunda mübarizə aparan müxtəlif feodal qrupları arasında gedən müharibələr meydanına çevrilmişdi. Təkcə onu göstərmək kifayətdir ki, yalnız 1336-1344-cü illərdə Azərbaycanda hakimiyyət yeddi-səkkiz dəfə əldən-ələ keçmişdir. Hr bir feodal qrupu hakimiyyəti ələ almaq üçün qanlı vuruşmalar aparmalı olmuş, nticdə Azərbaycana böyük zərər dəymişdir. Daxili vəziyyətin gərginliyi ölkənin xarici vəziyyətinə də təsir göstərirdi. Azərbaycan dəfələrlə Qızıl Orda xanlarının hücumuna məruz qalmışdır. Həmin hücumlar Azərbaycanın ictimai-iqtisadi həyatına və xalq kütlələrinin maddi vəziyyətinə mənfi təsir göstərmiş, onun inkişafını ləngitmişdir.